Gəncədə Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı ümumşəhər tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbir Gəncədə Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə-2” yaşayış massivində yerləşən “Xocalı” abidəsənin önündə təşkil olunub.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Gəncə Şəhər Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Şəhər Məhkəməsinin sədri Xəqani Tağıyev, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, şəhərdə fəaliyyət göstərən universitet rektorlar, hüquq-mühafizə orqanlarının rəhbərləri Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və Xocalı sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dölət Himni səsləndirilib.

Daha sonra aparıcı tərəfindən Xocalı soyqırımı barədə məlumat verilib. Bildirilib ki, cinayətkar erməni qoşunlarının törətdiyi Xocalı soyqırımı nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz zülmə və təhqirlərə məruz qalıblar. Xocalıda öldürülmüş 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i isə qocadır. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib.

Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin qürurunu yaşayır.

Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Azərbaycan xalqı Xocalı faciəsini və soyqırımı qurbanlarını heç vaxt unutmayacaq.

Mərasimdə din xadimi tərəfindən Xocalı faciəsinin qurbanlarının və ölkəmizin ərazi  bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxunub.

Saat 17:00-da Xocalı faciəsinin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, N.Gəncəvi və H.Əliyev, həmçinin H.Əliyev və Ş.İ.Xətai prospektlərinin kəsişməsində nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.

Niyazi Bayramov rəsmilərlə birgə “Xocalı” abidəsinin önünə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini yad edib.

Qeyd edək ki, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar olaraq şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda tədbirlər təşkil olunub, həmçinin gün ərzində “Xocalı” abidəsi vətəndaşlar tərəfindən ziyarət edilib.