Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində və onun regional idarələrində silsilə tədbirlər keçirilib.
"Unikal" xəbər verir ki, tədbirlər zamanı Agentliyin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar. Eyni zamanda Xocalıdan olan ailələrlə görüşlər keçirilmişdir
Tədbirdə çıxış edən Agentliyin rəisi, general-mayor İlqar Abbasov soyqırım tarixinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını və bu faciənin heç vaxt unudulmayacağını qeyd edərək nitqinin sonunda belə vurğulayıb:"44 günlük Vətən müharibəsində, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında, qəhrəman ordumuzun göstərdiyi böyük igidlik və şücaət nəticəsində Xocalı faciəsi qurbanlarının intiqamı alınmış, şəhidlərimizin qanı yerdə qalmamışdır. 2023-cü ilin sentyabr ayında Azərbaycan ordusunun həyata keçirdiyi lokal antiterror əməliyyatları nəticəsində Xocalı şəhəri düşməndən təmizlənmiş və bu müqəddəs torpaqlarda Azərbaycan bayrağı dalğalanmışdır."