Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Ağdaş Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən suvarma kanalları lildən təmizlənir, beton üzlüyə alınır, hidrotexniki qurğular təmir olunur və əkin sahələrinin suvarılması üçün hazırlıq görülür.
Bu barədə "Unikal"a ADSEA-dan məlumat verilib.
Bildirilib ki, görülən işlər nəticəsində su itkisi minimuma endirilir, suvarma suyunun maneəsiz axını təmin olunur. Dövlət proqramında nəzərdə tutulan və inşası 2023-cü ildən başlayan ən böyük suvarma şəbəkəsi olan, başlanğıcını Türyançaydan götürən Sağ və Sol sahil adlanan su kanallarının beton üzlüyə alınması davam edir. Sağ sahil şəbəkəsinin 25 kilometr, Sol sahil şəbəkəsinin isə 11,9 kilometr hissəsi beton üzlüyə alınıb. Hər iki şəbəkənin su aparma qabiliyyəti 10 kubmetrdir. Son tamamlanma işləri başa çatmaq üzrədir. Kanallar üzərində müxtəlif işlərə xidmət edən hidrotexniki qurğuların da yenilənməsi ilə yanaşı, su buraxıcılarda SKADA sistemi quraşdırılır. Bu sistem 1-ci nöqtədən suyu qəbul edib, ən son nöqtəyə ötürülməsinə qədər prosesi nəzarətdə saxlayacaq. Suların boş yerə sərf olunması aradan qalxacaq.
Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi də diqqətdə saxlanılır. Ümumiyyətlə, Ağdaş Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi içməli su xidməti sahəsində əhali üzrə 8975 abonentə, qeyri-əhali üzrə isə 298 abonentə xidmət göstərir. Bu ilin əvvəlindən etibarən su və kanalizasiya xətlərində baş verən qəzalar operativ aradan qaldırılıb.
Qeyd edək ki, Ağdaş Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi üç suvarma şəbəkəsindən istifadə edir. 1-ci suvarma mənbəyi olan Türyançayı əsas su mənbəyidir. Bu çay vasitəsilə rayonun 61 kəndi, 2 qəsəbəsi və Ağdaş rayonunun inzibati şəhər ərazisi suvarma və içməli su ilə təmin olunur. 2-ci suvarma mənbəyi Kür çayıdır ki, bu çay vasitəsilə rayonun əsasən Kür sahili kəndlərinin əkin sahələrinin suvarılması təmin edilir. 3-cü suvarma şəbəkəsi isə Şirvan Suvarma Kanalıdır. Bu kanaldan qəbul edilmiş su ilə əkin sahələrin bir hissəsinə su verilir.