“Instagram”a sahib olan “Meta” şirkəti adıçəkilən sosial şəbəkənin videoçarxlar bölməsinin zorakı və qanlı məzmunda olan görüntülərlə dolmasına səbəb olmuş alqoritm xətasına görə rəsmi olaraq üzrxahlıq edib.
"Unikal" xəbər verir ki, bu haqda “The Guardian” nəşri yazır.
Sosial şəbəkə istifadəçiləri “İnstagram”ın “Reels” bölməsində hədsiz sayda qanlı, heyvanlara qarşı zorakılıq və sair həssas videoların qarşılarına çıxmasından şikayətlənirdi.
Çoxları bu şikayətlərini ictimailəşdirmək üçün “Reddit” platformasına üz tutmuşdular. Bəziləri “Reels”də hətta çoxsaylı ölüm videoları ilə üzləşdiklərini iddia edirdi.
Yaranmış vəziyyətlə əlaqədar üzrxahlıq edən "Meta" şirkətin texniki xətanı artıq aradan qaldırdığını diqqətə çatdırıb. Şirkət əmin edir ki, zorakı videolarla müşayiət olunan yersiz tövsiyələr məzmun moderasiyası siyasətində edilən dəyişikliklərdən deyil, texniki xətadan qaynaqlanıb.