Elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan ediləcək.
"Unikal" xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının aşağıdakı tarixlərdən idxalı, istehsalı və satışı qadağandır:
- 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları 2026-cı il yanvarın 1-dən;
- 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları 2026-cı il iyulun 1-dən.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, İstehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.
Qanun qəbul ediləcəyi təqdirdə 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.
Anar Kəlbiyev