"Tarif məsələsi həssas məsələdir, burada sosial sazişə, cəmiyyətlə dövlətin səmimi müzakirəsinə ehtiyac var”.

"Unikal" xəbər verir ki, bunu bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən ictimai müzakirədə energetika nazirinin müavini Elnur Soltanov deyib.

O bildirib ki, səmərəlilik tədbirlərinin həyata keçirilməsi üçün tariflər müəyyən həddin üzərində olmalıdır: “Tariflər müəyyən həddin üzərində olmayanda "Azərişıq”ın da, "Azəriqaz"ın da, "Azərenerji"nin də yatırımlarının səmərəliliyi ödənmir. Tariflər aşağıdırsa, bu səmərəliliyi qarşılamaz. Mən demirəm tariflər artırılmalıdır. Ona görə optimal qərarlar verilməlidir. 97 % qazlaşma bir az anormal rəqəmdir. Avropada bu rəqəmin olmaması təsadüfi deyil. Çünki ucqar bir kəndə qaz xəttlərinin çəkilməsi bəzən o qədər yüksəkdir ki, o kəndin tamamilə münbit torpaqlı əraziyə köçürülməsi ondan bəlkə daha azdır. Bu məsələlərə baxmaq lazımdır. Azərbaycanda satılan qaza əgər qənaət etsək, Avropa bazarına çıxarıb satsaq, bu bazardakı əlavə dəyəri gətirib əhaliyə paylasaq, qazdakı müəyyən tarif artımı daha sərfəli olar. Bu çox ciddi və hədəfli, səmimi, oyunpozanlıq olmadan vacib məsələdir. Cəmiyyət bu səmimi müzakirələrə hazır olmalıdır".

Anar Kəlbiyev