Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində İxrac Boru Kəmərlərinin Təhlükəsizliyi ilə bağlı iclas keçirilib. 

"Unikal" xəbər verir ki, tədbir 28 fevral 2025-ci il tarixində Agentliyin Qaradağ rayonunda yerləşən regional idarəsində Fövqəladə Hallar Nazirliyi (FHN), Müdafiə Nazirliyi (MN), Dövlət Təhlükəsizlik Xidməti (DTX), Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) aidiyyəti əlaqələndirici şəxsləri, İxrac boru kəmərlərinin keçdiyi rayonlar üzə yerli icra hakimiyyətlərində fəaliyyət göstərən İxrac Boru Kəmərlərinin Təhlükəsizliyi Komissiyalarının sədrləri  və ARDNŞ və «bp-Azərbaycan»-ın məsul şəxslərinin iştirakı ilə keçirilmişdir.

"SOMDA rəisinin birinci müavini general-mayor İsmayıl Hüseynov iclası açaraq qeyd etdi ki, 1994-cü il sentyabrın 20-də xalqımızın Ümummilli lideri Heydər Əliyevin neft strategiyasının gerçəkləşdirilməsini təmin edən Əsrin Müqaviləsinin imzalanması, xalqımızın ilk dəfə olaraq öz maddi sərvətlərinin, o cümlədən neftin sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Bu, ölkəmizin neft sənayesi tarixində yeni bir dövrün başlanğıcı olmuş, iqtisadiyyatımızın dinamik inkişafının təməli qoyulmuş və müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmləndirilməsi üçün əsaslı zəmin yaradılmışdır."

General-mayor İsmayıl Hüseynov həmçinin Azərbaycanın enerji siyasətinin mühüm komponentlərindən biri olan İxrac Boru Kəmərlərinin təhlükəsizliyinin təmin olunmasının strateji əhəmiyyətini qeyd edərək, bu sahədə dövlətimizin müdrik rəhbəri, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında görülən işlərin əhəmiyyətinə toxunmuşdur.

Eyni zamanda xüsusilə vurğulamışdır ki, “Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun daha da təkmilləşdirilmiş enerji strategiyasının uğurlu nəticələrini Azərbaycan vətəndaşları olaraq bizim hər birimiz öz həyatımızda əyani şəkildə görürük. Vətənimiz qısa müddətdə böyük inkişaf yolu keçib: ölkəmizin siması tamamilə dəyişərək müasirləşib, iqtisadiyyat şaxələndirilib, sənaye, xüsusilə qeyri-neft sektoru inkişaf edir, xalqımızın maddi rifah halı davamlı olaraq yaxşılaşır, neft gəlirləri insan kapitalına çevrilir” 

Tədbirdə SOMDA İxrac Neft Qaz Boru Kəmərlərinin Təhlükəsizliyinə Nəzarət İdarəsinin rəisi polkovnik Nail Dadaşov 2024-cü il ərzində İxrac Boru Kəmərlərinin təhlükəsizliyi üzrə həyata keçirilən işlər və qarşıya qoyulan məqsədlərlə bağlı məruzə edib və 2024-cü il üzrə ixrac boru kəmərlərinin Azərbaycan Respublikasının quru ərazisindən keçən hissəsində hər hansı bir xoşagəlməz halın baş verməməsi barədə bildirmişdir.

Tədbirdə FHN, MN, DTX, DSX , yerli icra hakimiyyətlərində yaradılmış komissiyaların sədrləri, 'bp-Azərbaycan' və SOCAR-ın məsul şəxsləri çıxış etmiş, ixrac boru kəmərlərində təhlükəsizliyə təsir göstərən yeni tendensiyalar fonunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı nəzərdən keçirilən məsələlərə dair fikirlərini bildiriblər.

İclasda təkliflər irəli sürülmüş, məruzələr ətrafında müzakirələr aparılmışdır.