Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Zaqatala filial müdiri Turan Əsədovun qəza törədərək piyadanı vurub öldürdüyünü təsdiqləyib.
"Unikal" xəbər verir ki, Fondun mətbuat katibi Rəşad Mehdili açıqlamasında bildirib:
"Bu gün Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonu Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törətmişdir.
Hadisədən dərhal sonra Turan Əsədov onu avtomobilinə qoyaraq Zaqatala rayon Diaqnostika mərkəzinə çatdırıb.
Lakin təəssüf hissi ilə bildiririk ki, həkimlərin bütün səylərinə baxmayaraq, həmin şəxs vəfat etmişdir.
Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı veririk.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və əlavə məlumat veriləcəkdir".
*** 23:59
Vəzifəli şəxs avtomobillə piyadanı vuraraq öldürüb.
"Unikal" xəbər verir ki, Qaxda "Xəzər" markalı minik avtomobili ilə piyadanı vuraraq öldürməkdə DSMF-nin Zaqatala fililalının müdiri, Zaqatala şəhər sakini Turan Əsədov şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
***23:21
Qaxda maşın 53 yaşlı piyadanı vuraraq öldürüb.
"Unikal" xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan minik avtomobili 53 yaşlı Bakı şəhər sakini Natiq Tofiq oğlu Həsənovu vurub. Ağır xəsarət alan piyada hadisə yerindəcə ölüb.
Seymur Əli