Ermənistanın keçmiş elm və təhsil naziri, Respublika Partiyasının sədr müavini Armen Aşotyan daha 3 ay ev dustaqlığında qalacaq.
"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə İrəvan məhkəməsi qərar verib. Belə ki, məhkəmə iyunun 11-dək müdafiə tərəfinin siyasətçinin azadlığa buraxılması ilə bağlı vəsatətini rədd edib.
Bundan əvvəl vəkillər Ruben Melikyan və Tiqran Atanesyan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırıblar. Hakim Vahe Dolmazyan müəyyən edib ki, Aşotyanın ev dustaqlığında saxlanması üçün əsaslar dəyişməyib və ona görə də məhdudiyyətlərin aradan qaldırılması üçün heç bir əsas yoxdur.
Növbəti iclas martın 31-də keçiriləcək.
Xatırladaq ki, Armen Aşotyan və İrəvan Dövlət Tibb Universitetinin keçmiş rektoru Mikael Nərimanyan universitetin təxminən 100 min dollar məbləğində əmlakını mənimsəməkdə ittiham olunurlar.