İstanbul Böyükşəhər Bələdiyyə  qarşı başladılan korrupsiya və rüşvət istintaqı çərçivəsində maraqlı təfərrüatlar üzə çıxmaqda davam edir.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  İmamoğlunun  komandasının bir çox üzvü və yaxın ətrafı saxlanılıb. İstintaq faylında Meşe, Ladin, Çınar və İlke kod adlı dörd gizli şahidin olduğu məlum olub. Saxlanılanlar arasında olan Adem Soytekinlə bağlı məlumatlar diqqət çəkib. 

Belə ki,  Adem Soytekinin bir vaxtlar İmamoğlu İnşaatda suvaqçı işlədiyi və İmamoğlu bələdiyyə sədri olduqdan sonra qeyri-mütənasib şəkildə zənginləşdiyi məlum olub.

Gizli şahid Meşenin sözlərinə görə, İBB sədrinin mal-mülkülərinin bir hissəsi Soytekinin adınadır. Belə ki, İmamoğlu İnşaatda suvaqçı kimi işləyən Adem İmamoğlu İBB sədri olandan sonra milyonçu olub. 

2017 və 2018-ci illərdə İmamoğlu İnşaatın 8 daşınmaz əmlakı Adem Soytekin yeni qurduğu şirkətinə pulsuz olaraq verilib. İstintaqın əsas şübhəlilərindən olan Adem Soytekin və şirkətlərinin hesablarında təxminən 600 milyon TL aşkarlanıb. 2020-2024-cü illər arasında bu hesablara təxminən 1,25 milyard TL vəsaitin köçürüldüyü, bu pulların müxtəlif şirkətlərə paylanaraq çıxarılaraq mənşəyi məlum olmayan şəxs və ya qurumlara çatdırıldığı müəyyən edilib.

Bütün bu məlumatlar İBB sədri Əkrəm İmamoğlu sorğu-sual zamanı ondan istənilib. İmamoğlu isə "Mən bu suala cavab vermirəm. Bütün ittihamları qətiyyətlə rədd edirəm", - deyib.

Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı İmamoğlu və 99 şübhəli barəsində “cinayətkar təşkilatın lideri olmaq”, “cinayət təşkilatına üzv olmaq”, “qəsb”, “rüşvət alma”, “fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tender saxtakarlığı” maddələri ilə istintaq davam edir.

Gülayə Mecid