İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 saylı tam orta məktəbdə şagirdlər arasında insident yaşanıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, insident mart ayının 13-də baş verib.

Belə ki, sözügedən tarixdə məktəbin 8A sinif şagirdi Nihad Qədirov sinif yoldaşı Adəm Məlikovun üzərinə stul atıb. Stulun dəmir hissəsi Adəmin əlini yaralayıb. Həmin şagirdlərin oxuduğu sinfin rəhbəri, eyni zamanda məktəbin ingilis dili müəllimi olan Gülnarə Qasımova hadisəni görsə də, uşaqlara tapşırıq verib ki, bu məsələni heç kim bilməsin. Sinif rəhbəri bu barədə Adəmin valideyninə və tibbi yardım göstərilməsi üçün təcili yardıma məlumat verməyib. Adəm isə məktəbdə olarkən xeyli qan itirib. 

Hadisədən 2 saat sonra sinif rəhbəri şagirdləri evə yollayıb. Daha sonra o, valideynlərin olduğu "WhatsApp" qrupuna hədə-qorxu dolu mesajlar yazıb. G.Qasımova göndərdiyi səs yazısında valideynlərin bu məsələni gizlətməli oldulqlarını deyib. Xəsarət alan şagirdə isə bildirib ki, bu barədə kimsə ondan soruşsa, sürüşüb yıxıldığını desin.

Məktəbin direktoru Gündüz Qədirov saytımıza açıqlamasında bildirib ki, 8A sinfinin rəhbəri Gülnarə Qasımova sözügedən hadisə ilə bağlı ona məlumat verərkən Adəm Məlikovun tənəffüs zamanı yıxılaraq xəsarət aldığını deyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, məktəblinin xəsarət alması ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

***11:44

13 mart 2025-ci il tarixdə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi tənəffüs zamanı digər sinif yoldaşının əlini zədələyib.

Bu barədə "Unikal"a Dağlıq Şirvan Regional Təhsil İdarəsindən bildirilib. 

Qeyd olunub ki, dərhal şagirdin valideyninə məlumat verilərək, xəstəxanaya aparılıb və müvafiq tibbi yardım göstərilib: "Sonrakı günlərdə hər iki şagird dərslərdə iştirak edib. Qeyd edirik ki, hadisədən sonra valideynlər məktəbə dəvət edilib, onlarla profilaktik söhbət aparılıb. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Baş verən hadisə ilə əlaqədar şagirdlərin təhsil aldığı sinifin rəhbərinə intizam tənbeh tədbiri tətbiq edilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".

Seymur Əli