04 aprel 2025-ci il tarixində Milli Məclisin deputatı Asif Əsgərov və Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov Zaqatala rayonunun Yuxarı Tala ərazisində yerləşən “Pərzivançay” çayı üzərində yenidən inşa olunmuş avtomobil körpüsünə baxış keçiriblər.
"Unikal" xəbər verir ki. Müasir texniki tələblərə uyğun inşa edilən körpü əhalinin gündəlik hərəkətini asanlaşdırmaqla yanaşı, kənd təsərrüfatı və iqtisadi fəaliyyətin səmərəliliyinə müsbət təsir göstərəcəkdir.
Bundan başqa millət vəkili Asif Əsgərov Aprel döyüşləri zamanı şəhid olmuş Rəvan Nurayevin məzarını ziyarət edib. Ziyarət zamanı şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Daha sonra şəhidin ailəsinə baş çəkərək onların qayğıları ilə maraqlanmış və dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və dəstəyi qeyd etmişdir. Görüş zamanı ailəyə müvafiq yardımlar təqdim olunmuşdur.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirmişlər. Onlar, şəhid ailələrinə olan xüsusi münasibəti yüksək qiymətləndirərək, dövlətin verdiyi dəstəyi minnətdarlıqla qəbul etmişlər.
Günün ikinci yarısında millət vəkili Asif Əsgərov Zaqatala rayonunun Muxax kəndində vətəndaşlarla görüş keçirib. Görüşdə kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Bəzi müraciətlər yerində həllini tapıb, bəzilərinin həlli isə Milli Məclisin deputatının səlahiyyətləri çərçivəsində araşdırılıb və operativ addımlar atılması məqsədilə müvafiq tapşırıq və tövsiyələr verilib. Qəbulda Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və kənd bələdiyyəsinin sədri də iştirak edib. Bundan başqa, millət vəkili Asif Əsgərov qəbul zamanı vətəndaş müraciətlərini nəzərə alaraq aztəminatlı ailələrə ərzaq yardımı edib. Bu dəstək sosial qayğıya ehtiyacı olan ailələr tərəfindən minnətdarlıqla qarşılanıb.