Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Səhiyyə Nazirliyinin birgə layihəsi çərçivəsində elektron siqaretlərin (veyplər) zərərləri barədə tələbələrlə maarifləndirici görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüş zamanı çıxış edən universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Şahmar Rəfili, AQTA və Səhiyyə Nazirliyinin əməkdaşları müasir dövrün bəlasına çevrilən veyplərin insan sağlamlığına olan təhdidlərindən danışıblar. Qeyd olunub ki, ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilən bu cihazlar xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb. Parlaq rənglər, şirin meyvə dadları və sosial mediada yayılan cəlbedici görüntülər elektron siqaretlərin gənclər arasında popularlaşmasına səbəb olub.

Tələbələrin diqqətinə çatdırılıb ki, elektron siqaretlərin tərkibində tütün olmadığı üçün onların daha az zərərli olduğu düşünülür. Veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən nikotin, ağır metallar və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər var. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsirləri elmi araşdırmalar tərəfindən təsdiqlənib.

Nümayəndələr son illərdə veyp istifadə edən gənclər arasında yayılan “popkorn” xəstəliyi barədə məlumat veriblər. Bildirilib ki, bu xəstəliyin əsas səbəblərindən biri veyp mayelərinə əlavə olunan “diasetil” adlı kimyəvi maddədir.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. Veyp istifadə edən gənclərə sağlamlıqlarını riskə atmamaq üçün bu məhsulların təhlükələri barədə araşdırmaq və gec olmadan bu zərərli vərdişi tərgitmək tövsiyə olunub.