Türkiyə hakimiyyət orqanları ixracatçılar və fermerlərlə görüşdükdən sonra limon ixracını qadağan etmək planlarından imtina etmək qərarına gəliblər.
"Unikal" xəbər verir ki, bu barədə ticarət naziri Ömər Bolat X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Türkiyənin ticarət nazirliyi daha əvvəl soyuq hava ilə əlaqədar limon ixracını dayandırmağı və daxili tələbatı ödəməyi planlaşdırdığını bildirmişdi.
“Görüşdə biz müzakirə iştirakçıları ilə razılaşdıq ki, vətəndaşların münasib qiymətə məhsullara çıxışını təmin etmək üçün möhtəkirliyə yol verilməyəcək, qiymətlər sabit saxlanılacaq... Bununla əlaqədar olaraq limonun ixracına qoyulan müvəqqəti qadağa aradan qaldırılıb”, - Bolat bildirib.
Onun sözlərinə görə, Türkiyə tərəfi limon qiymətlərinə nəzarəti davam etdirəcək, alıcılara, fermerlərə və ixracatçılara diqqət yetirəcək.