Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Təbriz küçəsi 51” ünvanı üzrə ərazi partiya təşkilatında “Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğulayıb. E.Quliyev qeyd edib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Təşkilat sədri bu qərarın müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsi olduğunu bildirib.

Sənaye və Texnologiya Kollecinin direktoru, ərazi partiya təşkilatının sədri Faiq Şahbazov, sədr müavini Ülviyyə Abuşova və digərləri qeyd ediblər ki, hazırda ölkəmiz müstəqillik tarixinin ən yüksək inkişaf dövrünü yaşayır. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Sonda partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri, rayonun ictimai-siyasi həyatında fəal rol oynayanlara fərxi fərmanlar tədqim edilib.