Aprelin 10-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Qətər Dövlətinin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani arasında ikitərəfli görüş keçirilib. Qeyd edək ki, 10-13 aprel tarixlərində Bakıda Qətər Mədəniyyəti Günləri keçirilir.
"Unikal" xəbər verir ki, bu münasibətlə dost ölkənin mədəniyyət nazirinin rəhbərliyi ilə geniş nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Qətərli həmkarını səmimi salamlayan nazir Adil Kərimli əlamətdar mədəniyyət hadisəsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında əlaqələr iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri əsasında hərtərəfli inkişaf edir. Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində uğurlu əməkdaşlıq qurulub.
Nazir burğulanıb ki, xalqlarımızı yaxınlaşdıran həm də mədəni zənginliklərimizdir. 2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb. “Qətər Dövləti də Azərbaycanda təşkil olunan müxtəlif səpkili beynəlxalq tədbirlərdə yaxından iştirak edir. İnanıram ki, Bakıda keçirilən Qətər Mədəniyyəti Günləri iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə olacaq”, – deyə Adil Kərimli əlavə edib.
Qətərin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani səmimi qəbula görə Adil Kərimliyə təşəkkürünü bildirib. O, Qətər nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıq edib. Qətərli nazir 16 ildən sonra ölkəsinin mədəniyyətinin Azərbaycanda yenidən təqdim olunmasından məmnunluğunu bildirib, bu kimi tədbirlərin mədəni inteqrasiya üçün zəruri olduğunu vurğulayıb.
Söhbət zamanı iki ölkə arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın perspektifləri müzakirə olunub. Sonda xatirə şəkilləri çəkdirilib.