Gəncədə orta məktəbin müəllimi şagirdlər tərəfindən döyülüb.

"Unikal"ın məlumatına görə, hadisə Gəncə şəhər 4 nömrəli məktəbədə baş verib. Belə ki, məktəbin müəllimi bir neçə.şagird tərəfindən döyülüb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Unikal"a bildirilib ki, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin IX və X sinfində oxuyan 2 şagirdlə həmin məktəbin müəllimi, 1985-ci il təvəllüdlü F.Quliyev arasında tənəffüsdə mübahisə yaranıb.

Dəhlizdə şagirdlərin uyğunsuz davranışlarına görə müəllimin onlara irad bildirməsi səbəbindən şagirdlər ona fiziki təzyiq göstəriblər. Nəticədə xəsarət alan müəllim tibbi yardım üçün müraciət edib.

Məktəb rəhbərliyi tərəfindən məsələyə dərhal müdaxilə edilib. Şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu tərəfindən onlarla söhbət aparılıb, təhsil müəssisəsinin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

DİN-in Mətbuat xidmətindən "Unikal"a  bildirib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Müvafiq ekspertiza təyin olunub. Ekspertiza rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Seymur Əli