Aprelin 11-də Tovuz rayonu Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan və 2-ci dərs başlayan zaman halı pisləşən 5 şagirdin səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyinin diqqət mərkəzində saxlanılır.
"Unikal" xəbər verir ki, Tovuz rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Elşən Musayev və məktəbin direktoru xəstəxanada şagirdləri ziyarət edib, səhhətləri ilə maraqlanıblar. Bildiririk ki, məktəblilər müayinə edilib, hər birinə müvafiq tibbi yardım göstərilib və onlar evə buraxılıblar.
Qeyd edək ki, adıçəkilən təhsil müəssisəsində təlim-tədris prosesi davam edir.
*** 11:14
Aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən "Unikal"a bildirilib ki, məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıb. Onların səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır.
Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
****10:54
Tovuzda məktəblilərin zəhərlənməsinin bəzi təfərrüatları məlum olub.
"Unikal"ın əldə etdyi məlumata görə, məktəbli sinif otağındakı sobaya yıxılıb. Nəticədə sinifə tüstü dolub. Bu zaman məktəbin şagirdləri 2011-ci il təvəllüdlü S.Eyyubova, 2012-ci il təvəllüdlü A.Məmmədəliyeva, 2011-ci il təvəllüldü M.Həsənova, 2012-ci il təvəllüdlü B.Ələkbərzadə və 2012-ci il təvəllüdlü L.Quliyeva zəhərləniblər.
**** 10:23
Tovuzda məktəblilər dəm qazından zəhərləniblər.
"Unikal" xəbər verir ki, hadisə rayonun Düzcırdaxan kənd tam orta məktəbində baş verib. Məktəbin 5 şagiridi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, məktəblər dəm qazından zəhərləniblər.
Tural Əhmədov