"Qəzalı vəziyyətdə olan 16 minə yaxın mənzil yenidən tikilməlidir. Bu da böyük işdir. Bu günlərdə problemin aktuallığını üzə çıxaran mülkiyyətdə olan evin tikinti şirkəti tərəfindən qanunsuz şəkildə sökülməsi ilə bağlı gündəmə gəldi. Təbii ki, bu əsassız və qanunsuz addım idi".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, elə təsəvvür yarandı ki, burada sadəcə mülkiyyəytçinin hüququndan söhbət gedir:
"Sahibkarların hüququnun qorunması da gündəmə gətirilməlidir. 16 minə yaxın mənzilin tikintisi zamanı sahibkarların bura istiqamətlənməsi çox çətinləşib. Məsələn, bir sahədə 72 mənzil var, onun 70-i ilə razılaşırlar, 2-si ilə razılaşmırlar. Bu zaman da iş 3-4 ay uzanır. Vaxt uzandıqca bazarda qiymətlər qalxır. Həmin mənzillərin tikilməsi sahibkar üçün rentabelli olmur. Ona görə ciddi mübahisələr yaranır. Mülkiyyətçi kimi vətəndaş haqlıdır. Hər kəs istəyər ki, mülkiyyətini baha qiymətə satsın. Amma burada optimal qiymətləndirmə məsələsində mübahisələr yaranır. Mütləq bizim məhkəmə praktikasında bu məsələ tətbiq olunmalıdır ki, optimal qiymətlər müəyyənləşsin. Yəni, söküləcək mənzilin kvadratından nə qədər artıq verilməlidir, minimum hansı məbləğdə vəsait ödənməlidir ki, məsələ həll olunsun, tikinti başlasın. Bu uzandıqca, sahibkarla bu sahəyə vəsait yatırmağa maraqlı olmayacaqlar, qəzalı binalar problem olaraq qarşımızda qalacaq", - deyə deputat bildirib.
Anar Kəlbiyev