"Aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə dünya siyasətinin və müasir beynəlxalq münasibətlərin aktuallığına dair mühüm müzakirələr aparılıb".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.

Parlamentari bildirib ki, bu Forum Azərbaycanın diplomatik gücünü və beynəlxalq məsələlərə çevik yanaşmasını bir daha nümayiş etdirir. Forumda 80 əcnəbi nümayəndənin iştirak etməsi Azərbaycanın beynəlxalq dialoqda və siyasi əməkdaşlıqda mühüm yer tutduğunu göstərir. 

"Ermənistanın revanşist meylləri sülh prosesinə ciddi əngəl yaradır, lakin Azərbaycan beynəlxalq təzyiqlərə qarşı öz maraqlarını qorumaqda qərarlıdır. Dövlətimiz hərbi gücünü artırmaqla gələcəkdə baş verə biləcək hər hansı təhdidə qarşı hazırlığını möhkəmləndirir və bununla da regional təhlükəsizliyi təmin edir. Bu yanaşma Azərbaycanın strateji mövqeyini daha da gücləndirir və Cənubi Qafqazda sabitliyin qorunmasına böyük töhfə verir. Avropa İttifaqı ilə əməkdaşlıq və enerji təhlükəsizliyi sahəsində Azərbaycanın artan rolu, xüsusilə hazırda qlobal enerji bazarında mövcud olan mürəkkəb şəraitdə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan enerji təminatının şaxələndirilməsinə yönəlmiş təşəbbüslərini genişləndirərək, Avropaya qaz ixracını artırmağa davam edir. Bu ölkələrin qaz təchizatı həm də regional siyasi və iqtisadi sabitliyin qorunması baxımından önəmlidir. Azərbaycan enerji sahəsində müasir yanaşmalarla həm tələbləri qarşılamağa, həm də iqtisadiyyatını daha da gücləndirməyə çalışır. 

Prezident İlham Əliyev, həmçinin forumda Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin əhəmiyyətini vurğulayıb. Çin ilə olan əməkdaşlıq iqtisadi, texnoloji və infrastruktur sahələrində yeni imkanlar yaratmaqla yanaşı, ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir. Dövlətimizin başçısı qeyd edib ki, yaşıl ictimai nəqliyyat vasitələri istehsal edən Çin şirkəti tərəfimizdən seçilib və bu il artıq istehsal edilmiş ilk avtobuslar istifadəyə veriləcək. Bu faktorlar Azərbaycanın nəqliyyat sektorunda modernləşmənin və yaşıl enerji siyasətinin tərkib hissəsi olacaq. 

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci ADA Siyasi Forumu Azərbaycanın dünya siyasətində müstəqil bir aktor kimi qlobal sabitliyin təmin olunmasına yönəlmiş siyasətini davam etdirəcəyini bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin forumda etdiyi çıxış Azərbaycanın diplomatik və strateji mövqeyini bir daha təsdiqləyərək ölkəmizin qlobal arenada nüfuzunu daha da artırır. Azərbaycan həm regional, həm də beynəlxalq müstəvidə strateji əhəmiyyətini qoruyaraq müstəqil və hərtərəfli inkişafını davam etdirir".