UNEC-in Zaqatala filialının yataqxanası və idman zalının açılışı olub.
“Unikal” xəbər verir ki, açılışda Elm və təhsil naziri Emin Əmrullayev və UNEC-in rektoru Ədalət Muradov iştirak edib.
Bildirilib ki, yataqxananın tutumu 73 tələbədən 155 tələbəyə qədər genişləndirilib. Otaqlar 2 və 3 nəfərlikdir, ortopedik döşəklər, keyfiyyətli yataq dəstləri ilə təmin edilib.
Sağlamlıq imkanları məhdud tələbələr üçün otaqlar və bu otaqlarda xüsusi imkanlar yaradılıb. Bütün otaqlar smart texnologiyalarla təchiz olunub. Hər otaqda smart kartla giriş sistemi, yüksək sürətli Wi-Fi, IP telefonlarla təchiz edilib.
Bütün otaqlarda yüksək gigiyenik standartlara uyğun sanitar qovşaqlar və duş kabinləri qurulub, kondisionerlərlə təchiz edilib.
Yataqxananın birinci mərtəbədə istirahət otağı və “Oxu zalı”, tibb məntəqəsi mövcuddur.
Böyük və müasir yeməkxana, eləcə də hər mərtəbədə yerləşən mətbəx soyuducu, mikrodalğalı soba, soba və digər müvafiq avadanlıqlarla təchiz olunub. 24/7 rejimində fəaliyyət göstərən peşəkar mühafizə heyəti və yüksək keyfiyyətli müşahidə kameraları vasitəsilə fasiləsiz nəzarət sistemi qurulub.
İdman zalında basketbol, voleybol və fitnes üzrə ixtisaslaşdırılmış sahələr yaradılıb.
Bununla yanaşı, tədris binasında kompüter laboratoriyasının, imtahan zalının və oxu zalının da açılışı keçirilib.