Ərzaq təhlükəsizliyi hər bir ölkənin iqtisadi inkişafının əsas məqsədlərindən biridir. Ölkənin ərzaq təhlükəsizliyi onun iqtisadi və milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Əhalinin ərzaq məhsulları ilə təmin olunması dövlət üçün mühüm əhəmiyyət kəsb edən və həlli vacib olan sosial-iqtisadi problemlərdən biridir. Belə ki, bu problemin həlli milli, iqtisadi, sosial, demoqrafik və ekoloji faktorların geniş spektrini təşkil edir. Buna görə də dövlət səviyyəsində sosial-iqtisadi sistem ərzaq təhlükəsizliyi ilə sıx əlaqədardır.
Şəbəkə marketlərinin əsas diqqətində olunması gərəkən məqam ərzaq təhlükəsizliyi olmalıdır. Belə ki, onlar müştəriyə təqdim etdiyi məhsulun keyfiyyətinə diqqət etdikdən sonra, əgər istifadəsində hər-hansı zərər yoxdursa, bu zaman satışına icazə verilməlidir. Həmçinin məhsunun vaxtının ötmədiyinə də nəzarət edilməlidir ki, bu müştərinin sağlamlığına xələl gətirməsin.
Məlumdur ki, ölkənin ərzaq ehtiyaclarını kifayət qədər təmin etmək dövlət tərəfindən tənzimlənir. Hər bir dövlət öz vətəndaşlarının sağlamlığı üçün təhlükəsiz qida əldə etmək və aclıqdan azad olmaq hüququnu təmin etməyə borcludur. Ərzaq təhlükəsizliyi problemi kəskin xarakter aldıqdan sonra bu məsələ bütün dünyada o cümlədən Azərbaycanda da ciddi problemə çevrildi.
Sözügedən məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, ilkin qiymətləndirməyə görə, Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin təxminən 40%-nə yaxını şəbəkə marketlərinin payına düşür. Hazırda şəbəkə marketlərinin bütövlükdə ticarət dövriyyəsinin genişlənməsi müşahidə olunsa da, hələlik qeyri-şəbəkə marketi daha çox paya malikdir:
“Şəbəkə marketləri bir tərəfdən kiçik və orta sahibkarlığın inkişafına, digər tərəfdən isə rəqabətin gücləndirilməsinə xidmət edir. Çünki şəbəkə marketləri şifarişləri əsasən kiçik, orta sahibkarlara verirlər. Bu da onların şəbəkə marketləri ilə əməkdaşlıq konteksindən gəlir əldə etmək anlamına gəlir. Eyni zamanda şəbəkə marketləri vasitəsilə mikro və orta sahibkarlığın dəstəklənməsi deməkdir.
Digər tərəfdən isə şəbəkə marketləri ərzaq təhlükəsizliyi baxımından da vacibdir. Çünki onların stoklarının olması və ərzaq təhlükəsizliyini təmin etməsidir. Şəbəkə marketləri birbaşa idxal imkanına malikdirlər, stokları var və stoklar vasitəsilə ərzağı saxlamaq, xüsusilə standartlara uyğun ərzağın saxlanması və təklif edilməsini həyata keçirir. Bu baxımdan ərzaq təhlükəsizliyində şəbəkə marketlərinin rolu yüksəkdir.
Həmçinin bəzi ölkələrdə şəbəkə marketləri, xüsusən də strateji ehtiyatların yığılmasında da iştirak edirlər. İsrail və bir sıra Avropa ölkələrində şəbəkə marketləri üçün strateji ehtiyatların müddətsiz saxlanılması məcburi xarakter daşımasa belə, əgər strateji ehtiyatları saxlayırlarsa, onlar dövlət tərəfindən dəstək alırlar. Belə ki, onlar subsidiya, vergi güzəştlərindən yararlanırlar. Düşünürəm ki, Azərbaycanda ərzaq təhlükəsizliyində bu konteksdən şəbəkə marketlərinin rolunun artırılması vacibdir. Çünki ərzaq ehtiyatlarının formalaşdırılması yalnız dövlətin funksiyası deyil, həm də şəbəkə marketlərinin dəstəyi hesabına daha səmərəli şəkildə həyata keçirilə bilər. Onu da deyim ki, ərzaq təhlükəsizliyi ölkə iqtisadiyyatının elə bir situasiyasını özündə xarakterizə edir ki, əhalinin fəal və sağlam yaşam tərzi keçirə bilməsi üçün ərzaq məhsullarına olan lazımi miqdarda tələbatını mövcud imkanlar hesabına ödəyə bilsin. Ərzaq təhlükəsizliyi ölkənin hər bir vətəndaşının istehlak etdiyi ərzaq səviyyəsindən bilavasitə asılı оlmaqla nəinki mikrо və makrо, hətta qlоbal səciyyə daşıyır.
Şəbəkə marketlərində müştəri məmnunluğu da vacibdir. Müştərinin ehtiyac və istəklərini qarşıladıqdan sonra yaranan məmnunluq dərəcəsidir. Müştəri məmnuniyyəti anlayışını müştərinin aldıqları xidmətlərdən məmnunluq səviyyəsi kimi də müəyyən etmək olar. Çünki burada çox vacib məqamlardan biri şəbəkə marketlərinin Azərbaycanda nağdsız ödənişlərin inkişafına dəstək verməsidir. Belə ki, marketlərdə müştərilər praktiki olaraq bank kartlarından istifadə edə bilir, onların müştəri xidmətləri var. Bu da müştəri məmnunluğunun güclənməsinə kömək edir. Onu da nəzərinizə çatdıraq ki, istehlakçılar adətən məhsulun fiziki xüsusiyyətlərinə görə yox, ondan qazanacaqları dəyər və ya məhsuldan gözləntiləri üçün ödəniş edirlər. Bazarda öz fəaliyyətlərini davam etdirmək istəyən müəssisələr müştərilərinə onların ehtiyaclarını tam təmin edəcək məhsullar və unikal xidmətlər təklif etməlidirlər. Əgər müştəri məmnun qalarsa, onun daimi müştərisi olar. Məmnuniyyət dərəcəsi, müştərinin gözlənilən məhsula olan təsəvvürü ilə ona təqdim olunan məhsul haqqında düşüncəsi arasındakı fərqi əks etdirir. Bu məmnuniyyət yalnız alış prosesi ilə əlaqəli deyil, həm satınalmadan əvvəlki və sonrakı prosesləri, həm də göstərilən xoş münasibəti əhatə edir” deyə Vüqar Bayramov qeyd edib.
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması üçün ölkədə sürətli iqtisadi inkişafın başlaması və yoxsulluq səviyyəsinin aşağı salınması ən vacib nüanslardan biridir. Kənd təsərrüfatının inkişaf etdirilməsi Azərbaycanda qeyri-neft sektorunun əsas istiqamətlərindən biri idi. Artıq əhalinin əsas ərzaq məhsulları ilə tələbatının yerli istehsal hesabına ödənilməsi və bunun üçün də kənd təsərrüfatının inkişaf etdirilməsi başlıca məqsədlərdən biridir.
Şəbəkə marketlərində də ərzaq təhlükəsizliyi maksimum dərəcədə qorunmağa çalışılmalıdır. İnsanların həyatlarını riskə atmamaq üçün məhsulların son istifadə tarixinin qeyd olunmasına diqqət etmək şəbəkə marketlərinin qarşısında duran ən vacib öhdəliklərdən biridir.
Müasir dövrdə bazarda yüksək rəqabət şəraiti hökm sürür və istehsalçılar mövcud rəqabət şəraitində bazarda liderlik əldə etmək üçün çalışırlar. Rəqabətli bazar münasibətlərində uğur əldə etmək üçün müxtəlif üsullardan istifadə edilir. Müştəri məmnuniyyətini təmin etmək yolu ilə birinciliyi əldə etməyə çalışmaq mövcud üsullar arasında hər zaman əhəmiyyətli yer tutmuşdur. Çünki, müştəri məmnuniyyəti yüksək rəqabətli bazarda güclü bir fərqləndiricidir. Mövcud müştəri bazasını itirməmək və yeni alıcıları cəlb etmək üçün şəbəkə marketlərinin etməli olduğu ən vacib addım müştərilərin ehtiyaclarını tam qarşılamaq, yəni, müştərilərin məmnuniyyətini təmin etməkdir.
İstehsalçı əgər müştəriləri ilə münasibətlərini düzgün idarə edərsə, müəssisənin maliyyə göstəricilərində müsbət dəyişikliklər qaçılmazdır. Bu proses müəssisənin rəqabətə dəyanıqlığını və inkişafını təmin edəcəkdir. Əgər müəssisə müştəri məmuniyyətinin təmin olunmasına əhəmiyyət vermirsə, şübhəsiz ki, bu həmin müəssisənin bazardakı mövqeyi, məhsullarının satış səviyyəsi aşağı olacaqdır.
Şəbəkə marketlərində istehlakçı davranışı, bu davranışı formalaşdıran faktorlar, müştəri məmnunluğu anlayışı və müasir şəraitdə müştəri məmnunluğunun istehlakçıların alış qərarlarındakı rolu dərindən araşdırılmamışdır. Beləliklə, müştərilərin məmnunluq səviyyəsinin şəbəkə marketlərindəki alış davranışlarına təsir edib etməməsinin öyrənilməsi vacib bir məsələdir.
Müasir marketinq anlayışının bir elementi olan müştəri məmnunluğu müştərilərə təqdim edilən məsuliyyətin göstəricisidir. Fəaliyyətlərini ən düzgün şəkildə quran şəbəkə marketləri qarşıya qoyulan məqsədə çatmağın ən əsas yolu müştərilərin məmnunluğunu qazanmaq olduğunu bilməlidirlər. Onlar müştəriləri bir problemin mənbəyi kimi yox, uğur əldə etməyin yolu kimi qiymətləndirməlidirlər.
Bildiyimiz kimi, müasir bazarda yüksək rəqabət şəraiti hökm sürür və istehsalçılar mövcüd rəqabət şəraitində bazarda liderlik əldə etmək üçün çalışırlar. Bu rəqabət müharibəsini qazanmaq üçün isə müxtəlif strategiyalardan istifadə olunur. Bunlar ya maraqlı kampaniyalar, ya da məhsulu digər marketlərdən daha ucuz və endirmli formada müştərilərə təqdim etməkdir. Müştəri məmnuniyyətinin qazanılması hər zaman marketinq strategiyaları arasında əhəmiyyətli yer tutmuşdur.
Müştəri məmnuniyyəti universal bir dəyər deyildir. Aydındır ki, hər bir müştəri eyni məhsuldan eyni məmnuniyyəti əldə edə bilməz. Hazırda bazarda fəaliyyət göstərən çoxsaylı marketlərin mövcudluğunun təməlində məmnun müştərilər dayanır. Məmnun müştərilər istehsalçılara öz bazar paylarını və mövqelərini qorumaqda köməklik göstərir, uzunmüddətli münasibətlər və istehlakçıya qarşı sədaqətlə nəticələnir.
Zaman keçdikcə insanların həyat standartlarının, mədəni səviyyələrinin yüksəlməsi ilə istehlakçının ona lazım olan məhsulu müxtəlif çeşiddə, daha rahat bir məkanda əldə etmək istəyi də artmışdır.
Əvvəllər müəssisələr üçün ən əhəmiyyətli məqam yeni alıcılar qazanmaq olmuşdur. Onlar cəlb edilən hər bir yeni müştərini müəssisə üçün uğur hesab edirdilər. Mövcud müştərilərə isə artıq daha az xidmət göstərilirdi. Müasir dövrdə vəziyyət isə bunun tam əks formasıdır. Günümüzdə marketlər şəbəkəsinin əsas məqsədi mövcud müştəriləri müəssisəyə, onun məhsullarına bağlı saxlamaq və görülən işin həcmini böyütməkdir.
Müştərinin ehtiyaclarını, gözləntilərini, və davranışlarını tanımaq və təmin etmək heç də asan deyildir və ən əsası da bunu bilmək bazarda hər zaman uğur qazanmağı təmin etmir. Bu səbəblə şəbəkə marketləri artıq müştəriləri ilə əlaqələrini inkişaf etdirməyə çalışırlar.
Müştərilər müəssisələrin daima diqqət mərkəzində olmalıdırlar, çünki, onlar yalnız müştərilərinə kifayət qədər diqqət yetirdikdə əlavə dəyər qazana bilərlər. İnkişaf edən müştəri münasibətləri ilə müəssisə daha çox gəlir əldə edəcəkdir. Əgər müəssisələrin planında müştəri məmuniyyətinin təmin olunmasına yer verilməyibsə, şübhəsiz ki, müasir dövrdə həmin şirkətlərin məhsullarının satışı aşağı olacaqdır.
Zaurə Əmirova
Bu yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin "Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.