Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Türkiyə Respublikasının nüfuzlu ali təhsil müəssisələrinin rəhbər heyətini qəbul edib.

"Unikal" xəbər verir ki, nümayəndə heyətinə Yıldız Texniki Universitetinin rektoru professor Eyüp Debik, prorektor Vatan Karakaya, rektorun baş müşaviri Özer Çınar, İstanbul Texniki Universitetinin prorektoru professor Şenol Ataoğlu, Gebze Texniki Universitetinin prorektoru professor Hasari Çelebi, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova daxil olub.

Görüş zamanı professor Gülçöhrə Məmmədova Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən söz açaraq, bu kontekstdə hər iki ölkənin qabaqcıl ali təhsil müəssisələri arasında davam edən səmərəli və strateji əməkdaşlığı yüksək qiymətləndirib. Rektor AzMİU-nun Yıldız Texniki Universiteti və İstanbul Texniki Universiteti ilə əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək bu tərəfdaşlığın ikili diplom proqramları, ortaq elmi layihələr və akademik mobillik imkanları ilə daha da dərinləşdiyini vurğulayıb. AzMİU-nun Gebze Texniki Universiteti ilə də gələcəkdə belə uğurlu əməkdaşlığın yaradılmasında maraqlı olduğunu söyləyib. 

Türkiyəli qonaqlar səmimi qəbula görə təşəkkür edərək ikitərəfli əlaqələrin genişlənməsindən məmnunluqlarını ifadə ediblər.

Görüş çərçivəsində Yıldız Texniki Universiteti ilə magistratura səviyyəsində memarlıq və ekologiya mühəndislik ixtisasları üzrə ikili diplom proqramlarının həyata keçirilməsi məsələsi müzakirə olunub. Eyni zamanda magistr və doktorantlara birgə rəhbərlik, müəllim heyəti və gənc tədqiqatçılar arasında ortaq elmi layihələrin icrası imkanları nəzərdən keçirilib.

İstanbul Texniki Universiteti ilə isə inşaat mühəndisliyi ixtisası üzrə bakalavr səviyyəsində mövcud olan ikili diplom proqramının magistratura səviyyəsində də tətbiqi, bununla yanaşı ikili magistr proqramları və ortaq doktorantura tədqiqatlarının təşkili perspektivləri müzakirə olunub. Bu əməkdaşlığın həm tələbələrin elmi-akademik inkişafına, həm də hər iki universitetin beynəlxalq elm məkandakı mövqeyinə müsbət təsir göstərəcəyi qeyd olunub. 

Görüşdə AzMİU ilə Gebze Texniki Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulması imkanları dəyərləndirilib və yaxın gələcəkdə tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması planlaşdırılıb.

Sonda Azərbaycan ilə Türkiyə arasında mövcud olan mədəni və təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə AzMİU və Yıldız Texniki Universiteti arasında təhsil və elmi əməkdaşlığa dair protokol imzalanıb.

Protokolda tələbə və elmi-pedaqoji heyətin mübadiləsi, seminar və elmi konfranslarda iştirak, birgə tədqiqat fəaliyyətləri, nəşr olunmuş elmi materialların və onlarla bağlı digər məlumatların mübadiləsi, xüsusi qısamüddətli elmi proqramlar, sertifikat proqramları, konfranslar və simpoziumlar kimi elmi və akademik sahələrdə birgə dərsdənkənar fəaliyyətlər, ortaq tədqiqat layihələri və araşdırmaların həyata keçirilməsi nəzərdə tutulub. 

Görüşdən sonra qonaqlar Memarlıq fakültəsini ziyarət ediblər. Burada onlara fakültənin elmi-praktik potensialı və aparılan tədqiqatlar haqqında məlumat verilib, fakültənin professor-müəllim heyəti ilə söhbət aparılıb. Ardınca qonaqlar AzMİU-nun nəzdində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyalarına baş çəkiblər.