Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixi Ədalət və Qayıdış” mövzusunda elmi konfrans keçirilib keçirilib. 

"Unikal" xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetdəki büstü önünə əklil qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra universitetin Memarlıq fakültəsində yaradılan “Qərbi Azərbaycan memarlıq irsinin tədqiqi” laboratoriyasının açılış mərasimi baş tutub. Konfrans iştirakçılarına laboratoriyanın gələcək fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, laboratoriyanın əsas hədəfi Qərbi Azərbaycanın qədim memarlıq nümunələrinin sistemli şəkildə araşdırılması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılmasıdır. Qeyd olunub ki, ölkəmizin memarlıq üzrə 105 illik ali təhsil ənənəsini özündə əks etdirən AzMİU-nun elmi potensialı, xüsusilə universitetin Memarlıq-konstruksiyaları və abidələrin bərpası kafedrasında aparılan tədqiqatlar laboratoriyanın işinin yüksək şəkildə təşkil olunmasına şərait yaradacaq. 

Laboratoriyada Qərbi Azərbaycan bağlı aparılacaq elmi tədqiqatlar tarixi torpaqlarımızdakı memarlıq abidələrinin öyrənilməsi yanaşı, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında xalqımıza məxsus mədəni və memarlıq izlərini silmək məqsədilə həyata keçirdiyi siyasətin əsl mahiyyətini ortaya çıxarmağa imkan verəcək. Həyata keçirilən tədqiqatlar Qərbi Azərbaycanda yerləşən abidələrin tarixi, memarlıq və mədəni kontekstdə daşıdığı xüsusiyyətləri ortaya çıxararaq, ermənilərin bu sahədə formalaşdırdığı saxta konsepsiyanı elmi əsaslarla birdəfəlik təkzib edəcək. 

Millət vəkillərinin, ali təhsil müəssisələrinin rəhbərlərinin, ictimai-siyasi xadimlərin, ziyalıların iştirak etdiyi konfrans ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin  səsləndirilməsi ilə başlayıb.