"Qafqaz regionunda siyasətimiz razılaşdırılıb, biz daim bir-birimizlə (Rusiya və İran - red.) məsləhətləşirik".
"Unikal" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Russia Today" telekanalına müsahibəsində açıqlayıb.
O, Cənubi Qafqazdakı vəziyyət və Rusiya-İran əməkdaşlığı barədə danışıb: "Biz bu yaxınlarda bir tərəfdə üç ölkəni: Azərbaycan, Gürcüstan və Ermənistanı, digər tərəfdə isə üç ölkəni: İran, Türkiyə və Rusiyanı birləşdirən təşəbbüs irəli sürdük. Həmin mexanizmin iclasları keçirilib, amma təbii ki, Gürcüstandakı dostlarımızın hələ də müəyyən şübhələri var. Ümid edirəm ki, gələcək görüşlər zamanı bu şübhələr aradan qaldırılacaq. İran və Rusiyanın ortaq mövqeyi ondan ibarətdir ki, bu regionun problemləri ancaq region ölkələrinin iştirakı ilə həll oluna bilər".
Əraqçi həmçinin qeyd edib ki, xarici qoşunların mövcudluğu regionun təhlükəsizliyinə heç bir töhfə verməyəcək: "Əksinə, zərərli olar. Ona görə də biz inanırıq ki, Qafqaz ölkələrinin problemləri “3+3” formatı və ikitərəfli məsləhətləşmələr çərçivəsində həll oluna bilər".
İranın xarici işlər naziri Ermənistan və Azərbaycan arasında sülh sazişinə də toxunaraq, sazişi dəstəklədiklərini və onun imzalanması ilə regionun yeni mərhələyə qədəm qoyacağına inandıqlarını qeyd edib: "İran və Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasına sevinirlər. Ümid edirik ki, tezliklə imzalanacaq. Biz inanırıq ki, bu razılaşma ilə regionda yeni səhifə açılacaq, iqtisadi, siyasi və s. əlaqələr daha aydın şəkil alacaq".
Ağarza Elçinoğlu