“Azərbaycanın xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin genişləndirilməsi mühüm yer tutur. Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfəri qarşılıqlı münasibətlərin inkişafına təkan verəcək”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Çin və Azərbaycan dost, strateji tərəfdaş ölkələrdir. Hər iki ölkənin rəhbərləri arasında çox yaxşı münasibətlər var.  Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında dostluq münasibətləri ölkələrimizin qarşılıqlı əlaqələrinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, ötən il Qazaxıstanın paytaxtı  Astana şəhərində keçirilmiş Şanxay Əməkdaşıq Təşkilatının sammiti çərçivəsində dövlət başçılarımızın görüşü zamanı strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə Bəyannamə qəbul edilib. Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində isə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Bu sənəd Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir.

Birgə Bəyanatda qeyd edildiyi kimi, tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. Eyni zamanda, Çin regionumuzda Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.

Vacib məqamlardan biri də odur ki, hər iki ölkə müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşıblar.

Millət vəkili onu da deyib ki, Azərbaycan Çinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyini dəstəkləyir və Çin tərəfinin ŞƏT-in keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirir. Azərbaycan “ŞƏT-in Dayanıqlı İnkişaf İli” tədbirlərində fəal iştirak etməyə və Təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir. Çin isə Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir. Rəsmi Pekin, həmçinin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) sədrliyini dəstəkləyir və Azərbaycan tərəfinin AQEM-in inkişafına yönəlmiş “Daha Güclü AQEM: Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf” mövzusunda silsilə tədbirlərin keçirilməsi üzrə səylərini yüksək qiymətləndirir.

“Birgə Bəyannamədə əksini tapan bu və digər məqamlar Azərbayca-Çin münasibətlərini yeni səviyyəyə yüksəldəcək. Bu baxımdan, Prezidentimizin Çinə dövlət səfəri kifayət qədər uğurlu və faydalıdır”, - deyə Samir Vəliyev vurğulayıb.