Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 -ci ildönümünə həsr olunmuş Ağstafanın yerli bələdiyyə komandaları arasında minifutbol turnirinə start verilib.
"Unikal" xəbər verir ki, idman yarışı 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Ağstafa RİH başçısının müvafiq Sərəncamı ilə təsdq olunmuş Tədbirlər Planına uyğun təşkil olunub. 10 may 2025-ci il tarixinədək davam edəcək turnir Ağstafa rayon Vurğun qəsəbə tam orta məktəbin idman meydançasında Ağstafa Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə gənclər və idman Sektoru, YAP Ağstafa rayon təşkilatı və “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilir.
Turnirin başlanması münasibəti ilə təşkil olunan mərasimdə əvvəlcə Ümumilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.
Açılış mərasimini giriş nitqi ilə açan Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Müşviq Hüseynov və digər natiqlər, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bu cür kütləvi idman tədbirlərinin keçirilməsinin yüksək əhəmiyyətindən, ölkəmizdə idman sahəsinə, idmançılara göstərilən yüksək dövlət qayğısından bəhs ediblər. Qeyd olunub ki, müasir müstəqil Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyev doğma vətənimiz və xalqımız üçün gördüyü işlər əsrlər keçsə də tarixi dəyərini itirməyəcək. Heydər Əliyev ideyaları, siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda bəşəriyyətin də zəngin xəzinəsinə çevrilib.
Həsənsu və Xətai bələdiyyə komandaları arasındakı ilk qarşılaşma turnirin maraqlı və gərgin idman mübarizəsi şəraitində keçəcəyindən xəbər verib.