Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ənənəvi olaraq Diaspor Gənclərinin Vl Yay Düşərgəsi təşkil ediləcək.

"Unikal" xəbər verir ki, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq builki düşərgənin şüarı “Konstitusiya və Suverenlik ili”dir. Düşərgə 3–9 avqust 2025-ci il tarixində ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpasının rəmzi olan Xankəndi şəhərində keçiriləcək.

Dünyanın müxtəlif ölkələrində yaşayan 100-dən çox azərbaycanlı gəncin, o cümlədən ölkəmizə dost münasibət bəsləyən xalqların nümayəndələrinin düşərgədə iştirakı nəzərdə tutulur.

2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak edən gənclər Xankəndinin, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olmaq,  şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, eləcə də əylənmək və intellektual oyunlarda iştirak etmək imkanı qazanacaqlar.

Yay düşərgələri xaricdə yaşayan azərbaycanlı gənclərin Vətənlə əlaqələrinin gücləndirilməsi, Azərbaycanın beynəlxalq aləmdə təmsil olunması sahəsində bacarıqlarının artırılması, şəbəkələşmələri, qarşılıqlı əlaqə və yeni dostluqların qurulması baxımından gözəl fürsətdir.

Düşərgəyə Azərbaycan dilində ünsiyyət bacarığı olan 18-29 yaş arası gənclər qeydiyyatdan keçə bilərlər. Daha əvvəlki düşərgələrdə iştirak etmiş gənclərin təkrar iştirakı nəzərdə tutulmur. Gənclərin düşərgədə iştirak xərcləri qarşılanacaq.

İştirak üçün 31 may 2025-ci il tarixinə qədər www.diaspor.gov.az/qeydiyyat səhifəsində yerləşdirilmiş onlayn anket forması tam olaraq doldurulub göndərilməlidir. Seçim prosesi iki mərhələdə – müraciətlərin qəbulu və videomüsahibələr formasında keçiriləcək.

Qeydiyyat, proqram, iştirakçıların seçim prosesi və digər vacib məlumatları əldə etmək üçün www.diaspor.gov.az  saytını diqqətdə saxlamaq vacibdir.

Əlavə məlumat üçün:

E-mail: [email protected] 

Tel.: +994 12 493 10 54

WhatsApp: +994 51 867 36 02

Məlumat üçün bildirək ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə bu günə kimi Diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində beş yay düşərgəsi təşkil olunub. Dünyanın 60-dan artıq ölkəsindən gənclər həmin düşərgələrdə iştirak edib.