Türkiyənin Sivas şəhərində yerləşən Kolluca kəndi yetişdirdiyi həkimlərlə diqqət çəkir.

"Unikal" xəbər verir ki, şəhər mərkəzindən 19 kilometr aralıda yerləşən kənddə təxminən 350 nəfər yaşayır. Onlardan 130 nəfəri isə həkimdir. 

Belə ki, möcüzəli diyar kimi tanınan Kollucada bulaq suyunu içən şəxslər nədənsə bu peşəyə yiyələnirlər.  50 il əvvəl anasının istəyi ilə həkim olan Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Cahit Gümüşerdən sonra dövrün gəncləri bir-bir tibb fakültəsinə qəbul olurlar.  

Kolluca kəndinin bu xüsusiyyətini eşidənlər diyara axın edir, sözügedən bulaq suyundan dadırlar. 

Yerli sakin Şinasi Kumru mətbuata açıqlamasında bildirib ki, kənd savadlı həkimləri ilə məşhurdur:

"Biz həkimlərimizlə məşhur kəndik. 130 həkimimiz var. Hər il 1-2 tələbəmiz Tibb fakültəsinə daxil olur. Təxminən 350-yə yaxın əhalimiz var. Bizim kənddən su istəyirlər. Getdiyim hər yerdə deyirlər ki, su gətirin, uşaqlarımız içib həkim olsun. Kənddə hər ailədən 4-5 nəfər həkim var. Bəzi həkimlər də gəlib burada su içirlər, əl-üzlərini yuyurlar".

Gülayə Mecid