Zərdab rayonunun Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı-Xanməmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib. 

Bu barədə "Unikal"a AAYDA-dan məlumat verilib. 
 
Uzun müddət istismar nəticəsində deformasiyaya uğramış sözügedən avtomobil yolunun nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. 

18 km uzunluğa malik avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.

5 yaşayış məntəqəsini birləşdirən sözügedən yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni 6 metrə qədər nəzərdə tutulub.  Hazırda tikinti işləri yolun uzunluğu 5.4 km təşkil edən Məlikumudlu hissəsi üzrə icra olunur. Sözügedən hissədə torpaq işləri yekunlaşıb, hazırda suötürücü boruların inşası və bəzi yerlərdə yol əsasının tikintisi aparılır. 

Texnoloji ardıcıllığa uyğun daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək.
 
Layihə üzrə yolboyu asfaltlanma işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanı və siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
 
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.