Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 8-də davam etdirilib.

"Unikal" xəbər verir ki, məhkəmədə çıxış edən zərərçəkmiş Zabil Səfərov ifadəsində 1993-cü il aprelin 4-də Ermənistan silahlı bölmələrinin Kəlbəcərə girdiyini, onları mühasirəyə aldığını deyib.

“Ermənilər məni tanka mindirib aparanda nənəm yalvardı ki, uşağı məndən ayırmayın. Amma onlar buna məhəl qoymadı. Bundan sonra nənəmi “nə vaxtsa bizim ordu bu torpaqları alacaq” sözünə görə orada öldürdülər. Nənəmi öldürəndən sonra məni Kəlbəcərin Vəng kəndinə gətirdilər. Orada da bizə işgəncə verib, sonra rayona gətirdilər”, - deyə o bildirib.

Zərərçəkmiş şəxs xatırlayıb ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri girov götürdükləri qadınları təhqir edir, qoca, uşaq demədən hamıya işgəncələr verir, onları qətlə yetirirdilər.

“Ermənilər şişi qızdırıb bizim əsgərin bədənini yandırdılar. Mən Şuşa “türmə”sində olarkən birinin bədənini yandırdıqlarının şahidi oldum. Ermənilərin bir neçə azərbaycanlını döyərək öldürdüklərini gördüm. Həmçinin onlar 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı. Ermənilər azərbaycanlılara o qədər işgəncə verirdilər ki, onlar dözə bilməyərək özlərini öldürürdülər. Ermənistan ordusunun hərbçiləri qəbiristanlıqlarımızı talan edir, nəşləri qəbirdən çıxarıb təhqir edirdilər. Mənə edilən işgəncələrə görə sağ qulağım yaxşı eşitmir, gözümdə zəiflik yaranıb. Dişlərimi qırdılar”, - deyə Z.Səfərov diqqətə çatdırıb.

Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında Z.Səfərov deyib dedi ki, məhkəmədə nümayiş etdirilən videogörüntülər 1993-cü il aprelin 12-də lentə alınıb. Videodakı azyaşlı oğlan odur. Girovluqda qaldıqları zaman çəkilib. Həmin görüntüdə azərbaycanlı girovlar ermənilərə çörək bişirir. Videonu Svetlana adlı ukraynalı jurnalist çəkib. Ermənilər elə görüntü yaradır ki, guya girovlara yaxşı baxırlar və onları dəyişəcəklər. Əvvəlcədən də girovlara tapşırıblar ki, işgəncə barədə bir kəlmə də danışmasınlar.

Zabil Səfərov zərərçəkmişlərin nümayəndəsinin sualına cavabında deyib ki, o, 1995-ci ilin noyabrında girovluqdan azad edilib.