“Mehriban Ələkbərzadə, sənə verdiyim 24 saat artıq başa çatdı. Növbəti dəfə sübut etdin ki, şəhid qızından üzr istəməyi özünə əskiklik hesab edəcək qədər təkəbbürlü, hikkəli və dediyin sözün məsuliyyətini isə dərk etməyən birisən...”.

"Unikal" xəbər verir ki, bu fikirləri sosial şəbəkədə Akademik Dövdət Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova bildirib.

"Cənab Nazir Adil Kərimli teatr kollektivimizlə görüş keçirdikdən dərhal sonra, iclas bitər-bitməz Mehriban Ələkbərzadə iclas ilə bağlı bütün aqressiyasını şəhid qızı Məsmə Aslanqızının üzərinə tökərək onu və mərhum atasının qəbrini, gorunu ağıza alınmayacaq, bura yazılması mümkün olmayan vulqar ifadələrlə təhqir edib. İndidən Mehriban Ələkbərzadənin havadarlarına demək istəyirəm: Boş yerə özünüzə əl qatmayın ki, "şər və böhtan atırsınız". Çünki hadisənin canlı şahidləri, kamera görüntüləri var. Hadisə ilə bağlı rəsmi şəkildə lazımı yerlərə məlumat verilibdir.

Mehriban Ələkbərzadə kollektivimizi "it-pişik", "çör-çöp", "alaq otları", "az komedixana", "qudurğan", "peşə əxlaqsızları" və "insani əxlaqsızlar" kimi alçaldıcı sözlərlə təhqir edir, "20 Yanvar şəhidləri dəbdə deyil" deyəcək qədər həddini aşır, amma buna baxmayaraq hələ də vəzifəsində qalır. Sual olunur: bu toxunulmazlıq ona haradan gəlir? Ona deyiblər ki, get "AzDrama"nın  başına hansı oyunu istədiyrsənsə gətir? Qanımızı içsin? Unudur ki, aldığı maaş bizim səhnədəki əziyyətimiz sayəsindədir. Biz həm işimizi görürük, həm də onun təhqirlərinə dözürük. Bu, nə vicdana, nə ədalətə sığır! Etnogenetik mərkəzi Mehriban Ələkbərzadəni bir araşdırsın, görək bu şəxsin şəhid ailələri ilə nə dərdi, nə problemi var.

Təhsil Nazirliyi “hinduşkabaş” deyən bir direktoru işdən azad etdiyi halda, canlı şahidlərin və kamera görüntülərin olmasına rağmən şəhid ailəsinə qarşı bu qədər açıq, ağır təhqirlərə yol verən bir bədii rəhbərin hələ də vəzifəsində qalması təəcüblü deyilmi? 
Artıq bir aydır ki, teatrımızın nüfuzuna xələl gəlməməsi naminə susurdum. İnanıram ki, gec-tez haqq-ədalət öz yerini tapacaq".