Sülh müqaviləsinin mətnində Ermənistan ərazisində heç bir başqa dövlətin hərbi bazasının olmaması barədə ifadə var. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri mənbələrə istinadən məlumat yayıb. 

"Bu o deməkdir ki, dövlətlərarası müqavilə imzalandıqdan sonra Rusiyanın 102-ci hərbi bazası ölkə ərazisindən çıxarılmalı olacaq", - deyə məlumatda qeyd olunub. 

Məlumatlara görə, saziş layihəsində belə bir müddəanın görünməsi faktının özü Rusiya hakimiyyətinin ciddi narazılığına səbəb olub. Mayın 9-da Moskvada baş nazir Paşinyana verilən soyuq qarşılanma, həmçinin Rusiya prezidenti Vladimir Putinlə görüşün olmaması yəqin ki, bununla izah olunur. Moskvaya iki günlük səfəri zamanı Paşinyan nə Putinlə, nə də bayram tədbirlərində iştirak etmək üçün gələn digər ölkələrin liderləri ilə ikitərəfli danışıqlar aparmayıb.

Maraqlıdır ki, səfər ərəfəsində tənqidlərə cavab olaraq Paşinyan səfərin məqsədlərindən birinin Rusiya prezidenti ilə görüş olduğuna eyham vurmuşdu. Xatırladırıq ki, Vladimir Putin həmin gün gələn əksər dövlət başçıları ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Ağarza Elçinoğlu