"Ölkəmiz üçün sülhün alternativi yoxdur. Hökumətimiz Cənubi Qafqazda davamlı sülh və rifahın təşviqinə qətiyyətlə sadiqdir".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Şərqi Avropa və Mərkəzi Asiyadakı səfirlərinin regional toplantısının açılışında deyib.
"Biz Azərbaycanla hərtərəfli və institusional sülhün bərqərar olması üçün ardıcıl olaraq çalışırıq. Bildiyiniz kimi, Ermənistan və Azərbaycan Sülh Müqaviləsi layihəsinin mətninin razılaşdırıldığını bəyan edib və Ermənistan bu sənədi dərhal imzalayıb ratifikasiya etməyə hazırdır.
Əgər narahatlıqlar, məsələn, konstitusiya məsələsi ilə bağlıdırsa, sizi əmin edə bilərəm ki, tərəflərin bütün narahatlıqlarını həll etməyin ən aydın və birbaşa yolu Ermənistan Konstitusiya Məhkəməsinin müsbət rəyindən sonra sazişi imzalamaq və onu Parlamentdə ratifikasiya etməkdir.
İstənilən halda biz avropalı tərəfdaşlarımızı bu prosesə dəstəyini gücləndirməyə çağırırıq. Ona görə də biz gözləyirik ki, Aİ tərəfdaşlarımız istər Bakı ilə birbaşa təmaslarında, istərsə də ictimai bəyanatlarında və kommunikasiyalarında Ermənistanla dərhal sülh sazişinin imzalanmasının zəruriliyini ardıcıl olaraq vurğulayacaqlar.
Ermənistanın regional sülh və sabitliyə sadiqliyi Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində atdığımız addımlarla da sübut olunur. Ermənistanın baş naziri ilə Türkiyə prezidenti arasında görüşlər, eləcə də mənim xarici işlər naziri ilə təmaslarım davam edir. Biz əminik ki, tam nizamlanma - diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması həm ölkələrimiz, həm də daha geniş region üçün mühüm imkanlar açacaq", - deyə nazir qeyd edib.
Ağarza Elçinoğlu