"Azərbaycanın xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Prezident İlham Əliyevin mayın 20-də  Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə dost ölkəyə işgüzar səfəri də bunun bariz nümunəsidir". 

 Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. 

Parlamentari bildirib ki, iki ölkə arasında  diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub.

"Dost ölkələrimiz arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir.  Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.  Azərbaycan-Macarıstan əlaqələri çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Avropa İttifaqı, “Şərq Tərəfdaşlığı” Proqramı, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində   uğurla  inkişaf etdirilir. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol  oynayır". 

Vüqar Rəhimzadə qeyd edib ki,  Macarıstanda işgüzar səfərdə olan dövlət başçısı İlham Əliyevin bu ölkənin  Baş naziri Viktor Orbanla keçirdiyi məhdud və geniş tərkibdə görüşlər, həmçinin liderlərin mətbuata bəyanatları iki ölkənin münasibətlərinin dünəninə, bugününə baxış olmaqla yanaşı, perspektivlərə işıq salır.  

Millət vəkili mühüm məqamı da xüsusi qeyd edib ki, iki ölkənin liderlərinin dostluq münasibətləri də əlaqələrimizin yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynayır. Bu dostluq qarşılıqlı səfərlərin dinamikasında özünü aydın şəkildə nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev  Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar.  

Vüqar Rəhimzadə vurğulayıb ki, Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir. Dost ölkə Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda 2022-ci ilin dekabrında  Buxarestdə imzalanan Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş mühüm yer tutur. 

Milli Məclisin deputatı bildirib ki, dövlət başçısı İlham Əliyevin xarici ölkələrə hər bir səfəri, mötəbər beynəlxalq tədbirlərdə çıxışı Azərbaycanın bu və ya digər sahələrdə mövcud imkanlarının, eyni zamanda, 30 illik işğal və tarixi Zəfərimizdən ötən  dövrün reallıqlarının təqdimatı olur.Vüqar Rəhimzadə Azərbaycan və  Macarıstanın digər beynəlxalq təşkilatlarla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla əməkdaşlıq etdiyini önə çəkərək vurğulayıb ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən Macarıstanın paytaxtı Budapeştdə TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Dövlət başçısı İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə  Macarıstanın dəstəyi bu ölkənin təşəbbüsü ilə mayın 21-də keçirilən tədbir olub. 

Millət vəkili bildirib ki, ümumilikdə Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkənin strateji məqsədlərinə xidmət edəcək şəkildə uğurla inkişaf edir.