İstintaqı Dövlət  Təhlükəsizliyi Xidmətində (DTX) aparılan və Bakıda yəhudi sinaqoquna hucuma hazırlaşmaqda təqsirləndirilən Abdulla Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı təqsirləndirilənə  ittiham aktını elan edib.

Hakim təqsirləndirilən şəxsin ittiham olunduğu maddələrin sanksiyasında onun 10 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilə biləcəyini xatırladıb.

Təqsirləndirilən şəxs isə cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olduğunu bildirərək ittihama görə özünü təqsirli hesab etməyib.

İstintaq zamanı müəyyən edilib ki, Sumqayıt şəhərində yaşayan, “İŞİD Xorasan” terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyev “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı həyata keçirməyi planlaşdırıb. Belə ki, o, ötən il dekabrın 28-də avtomobillə yəhudi sinaqoquna yaxınlaşıb və “Molotov kokteyli” və digər silah qismində istifadə etmək istədiyi əşya və predmetlərlə sinaqoqa hücum etməyə hazırlaşıb. O, bu hücuma hazırlaşan zaman DTX-nin əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilib.

Növbəti proses iyulun 14-nə təyin edilib.

Qeyd edək ki, Abdulla Əliyev AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə ittiham olunur.

Seymur Əli