Vətən müharibəsi qazisi, leytenant Mehtiyev Vüsal Tofiq oğlu pensiyasının kəsildiyini iddia edir.
Məsələ ilə bağlı "Unikal"a müraciət edən qazinin qardaşı Röyal Mehtiyev bildirib ki, Vüsal Mehtiyev Vətən müharibəsində iştirak edib və yaralanıb:
"Müharibədən sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdi. Ona qazi statusu verildi, II qrup əlillik dərəcəsi və pensiya təyin olundu. Həmçinin Cənab Prezident tərəfindən mənzillə də təmin edildi.
Buna baxmayaraq, bir müddət sonra qardaşımın pensiyası kəsildi və qazi statusu ləğv edildi. Bundan sonra qardaşıma dələduzluq maddəsi ilə cinayət işi açıldı. Guya ki, əlillik dərəcəsini saxta sənədlərlə alıb. Amma bu mümkün deyil, çünki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bütün proseslər qanunlara uyğun və şəffaf formada aparılmışdı. Xəstəxanada müalicəsinə dair və digər sənədləri hər biri mövcuddur. Bir daha vurğulayım ki, qazi olduğuna görə Cənab Prezident qardaşıma ev də verib. Burada hansı qanunsuzluqdan söhbət gedə bilər?
İş hazırda Ali Məhkəmədədir. Rəsmi qurumlardan bu işin dəqiq və obyektiv şəkildə araşdırılmasını xahiş edirik. Qardaşım ağır xəstə olduğu üçün hazırda xəstəxanadadır", - deyə o qeyd edib.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavabda bildirildi ki, Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Mehtiyev Vüsal Tofiq oğluna 07.04.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılıb: "Vətəndaş hazırda da buna uyğun olaraq müvafiq sosial ödənişlərlə təmin olunur", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Mehtiyev Vüsal Tofiq oğlu “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Murad İbrahimli