Sumqayıt Bələdiyyəsi fəaliyyətində hər zaman vətəndaş məmnuniyyətini əsas prinsip kimi müəyyənləşdirib. Bələdiyyə sakinlərlə birbaşa və daimi ünsiyyətə, onların sosial rifahının yaxşılaşdırılmasına xüsusi önəm verir. Bu çərçivədə görülən işlər təkcə gündəlik fəaliyyətlərlə məhdudlaşmır, həm də əlamətdar günlərdə və bayramlarda humanitar aksiyalarla müşayiət olunur.
Artıq ənənəyə çevrilmiş "Qurban Bayramı" tədbiri bu il də Sumqayıt Bələdiyyəsinin təşəbbüsü ilə keçirilib. Bayram münasibətilə şəhər ərazisində yaşayan şəhid ailələri, qazilər, aztəminatlı ailələr, sosial sahədə çalışan işçilər və bələdiyyə əməkdaşları diqqətdən kənarda qalmayıblar. Ümumilikdə 160-a yaxın ailəyə bayram sovqatları təqdim olunub.
Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov, bələdiyyə üzvləri və aparatın əməkdaşları şəhid ailələrinin evində olublar. Onlar ailələrin qayğı və ehtiyaclarını dinləyiblər. Adil Xudadatov bildirib ki, Sumqayıt Bələdiyyəsi şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Dövlətimizin bu kateqoriyadan olan vətəndaşlara olan yüksək ehtiramı Sumqayıt şəhərində də davam etdirilir.
Bələdiyyə tərəfindən şəhid ailələri və qazilər mütəmadi olaraq ziyarət olunur, onların sosial-məişət problemlərinin həllinə yardım göstərilir. Ailə üzvlərinin məşğulluğu, təhsili, sağlamlığı və digər gündəlik ehtiyacları daim diqqətdə saxlanılır. Eyni zamanda, xüsusi günlərdə – Anım Günü, Qələbə Günü, Novruz bayramı və digər əlamətdar tarixlərdə bu ailələrə mənəvi və maddi dəstək göstərilir.
Şəhid ailələri də onalar göstərilən diqqətə görə, təşəkkür ediblər.
Sumqayıt Bələdiyyəsi bu cür aksiyaların təkcə maddi deyil, mənəvi baxımdan da böyük əhəmiyyət daşıdığını vurğulayır. Bayram günlərində sosial qruplara xüsusi diqqətin göstərilməsi həm milli-mənəvi dəyərlərimizin yaşadılması, həm də cəmiyyətimizdə həmrəylik hissinin gücləndirilməsi baxımından mühüm rol oynayır.