Müqəddəs Qurban bayramı münasibətilə Vətən uğrunda canını fəda etmiş, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə ana ziyarət olunub.

"Unikal" xəbər verir ki, ziyarətdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt şəhər Bələdiyyəsinin sədri Adil Xudadatov, bələdiyyənin aparat üzvləri, qazi Vüsal Şahbazov və digər ictimai nümayəndələr iştirak ediblər.

Teymur Səmədov Səmayə ananı Qurban bayramı münasibətilə təbrik edərək, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun da salamlarını və xoş arzularını çatdırıb. O bildirib ki, Sumqayıt şəhərində şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır. Onların sosial rifahı, qayğıları, gündəlik ehtiyacları yerli icra orqanlarının daim diqqətindədir. Bu, yalnız rəsmi bir məsuliyyət deyil, həm də vicdani bir borcdur.

Ziyarət zamanı Sumqayıt şəhər Bələdiyyəsinin sədri Adil Xudadatov da çıxış edərək şəhid və qazi ailələrinin bələdiyyənin fəaliyyətində hər zaman prioritet məsələ olduğunu vurğulayıb. O qeyd edib ki, Polad Həşimov kimi qəhrəmanların ailələrinə diqqət göstərmək, onların yanında olmaq hər bir azərbaycanlının vəzifəsidir.

Səmayə ana isə bu ziyarətə görə dərin təşəkkürünü bildirib. O, göstərilən diqqət və qayğıya görə başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla bütün dövlət və şəhər rəhbərliyinə minnətdarlığını ifadə edib.