İyunun 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov icra hakimiyyəti aparatının kollektivi ilə birgə lokal xarakterli antiterror əməliyyatı nəticəsində şəhid olan lənkəranlı hərbiçimiz Qardaşzadə Elsevər Rakif oğlunun qardaşı Elçin Qardaşzadənin toy şənliyində iştirak ediblər.
"Unikal" xəbər verir ki, hər zaman şəhid ailələrinin yanında olan Taleh Qaraşov şəhid qardaşının toy şənliyində iştirakı özünə mənəvi borc bilib. İcra başçısı yeni evlənən cütlüyə ailə xoşbəxtliyi arzu edib, onların sevincinə şərik olub.
Şəhidin ailə üzvlərinə xeyir-dua verən Taleh Qaraşov cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan danışıb, dövlətin bütün imkanları ilə hər zaman onların yanında olduğunu vurğulayıb.
Şəhid atası Rakif Qardaşov icra başçısını ailə üzvlərindən biri gördüyünü, onun hər zaman sevinclərinə və kədərlərinə şərik olduğunu vurğulayıb, dövlətin hər zaman qayğı və diqqətini hiss etdiklərini və buna görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından minnətdarlığını bildirib.