Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “İnsan hüquqlarının və azadlıqlarının mahiyyəti” mövzusunda görüş keçirilib. 

Bu barədə "Unikal"a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. 

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov bildirib ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bunu nəzərə alaraq Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə hər il 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd edilir. 

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində hüquqi dövlət quruculuğu və qanunun aliliyi təmin olunub. Fuad Məmmədov Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, habelə digər qanunvericilik aktlarında təsbit olunmuş insan hüquqları və qanuni mənafelərinin qorunması ilə bağlı mühüm müddəalar, onların təmin olunması istiqamətində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlər, o cümlədən aqrar sahədə çalışan işçilərin hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.   

Tədbirdə çıxış edən Hüquq və icra intizamı şöbəsinin müdiri Yasər Abdullayev Kənd Təsərrüfatı Nazirliyinin insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində həyata keçirdiyi geniş fəaliyyət barədə görüş iştirakçılarına ətraflı məlumat verilib.

Tədbirdə çıxış edənlər Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı və regionlarda da əməkdaşların və fermerlərin sağlam və təhlükəsiz əmək şəraitinin təşkili və təmin edilməsinə xüsusi diqqət yetirildiyi, bu istiqamətdə maarifləndirmə tədbirlərinin, təlimlərin keçirildiyini diqqətə çatdırıblar.

Görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.