Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universiteti (MATE) ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında imzalanmış tərəfdaşlıq müqaviləsinə əsasən, MATE-nin Kəndlərin İnkişafı və Davamlı İqtisadiyyat İnstitutu, Aqroturizm kafedrasının müdiri, dosent Peter Szabo və dosent Mihaly Veszelka ADAU-da səfərdə olublar.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində qonaqlar Universitetin maddi-texniki bazası ilə tanış olaraq, laboratoriyalar və innovasiya mərkəzinin iş proseslərini izləyib, əməkdaş və tələbələrlə fikir mübadiləsi aparıblar.

Təşkil olunan seminarlarda MATE-də təhsil şəraitini və perspektivlərini təqdim edərək, fakültələrin beynəlxalq layihələrdə rolunun gücləndirilməsi və aqroturizm fəaliyyətlərinin təşkili sahəsində təcrübə və tövsiyələrini bölüşüblər.

Həmçinin, ADAU-nun beynəlmiləlləşmə siyasətinin əsas tərkib hissəsi kimi, gələcəkdə də xarici tərəfdaş universitet əməkdaşlarının seminar və kurslarının müntəzəm olaraq davam etdiriləcəyini vurğulayıblar.