Əsası 1825-ci ildə İngiltərədə qoyulan və tarixə ilk dəmir yol xətti kimi düşən Liverpul-Mançester dünya sivilzasiyasının ən önəmli kəşflərindən biridir. Zaman-zaman inkişaf etməkdə olan dünya ölkələri də bu sivilzasiyanın genişlənməsinə böyük töhfə verib. Dəmir yolları istənilən dövlətin iqtisadi və sosial həyatının mühüm dayaqlarından biridir. Nəqliyyat vasitəsi ölkələrin həm strateji gücünü, həm də regional mövqeyini müəyyən edən əsas vasitədir. 

Azərbaycanda dəmir yollarının rolu xüsusilə önəmlidir. Bu nəqliyyat növü təkcə yük və sərnişin daşımalarını həyata keçirməklə kifayətlənməyib, həm də sənaye, ticarət və kənd təsərrüfatının dinamik inkişafına güclü dəstək verib.

Azərbaycanın geosiyasi mövqeyi onun Avropa ilə Asiya arasında körpü funksiyasını yerinə yetirməsinə şərait yaradır. Bu baxımdan dəmir yolları təkcə daxili deyil, həm də beynəlxalq tranzit baxımından olduqca stratejidir. Beləliklə, dəmir yolları Azərbaycanın yalnız keçmişdə deyil, bu gün də və gələcəkdə də iqtisadi və siyasi gücünü formalaşdıran başlıca sütunlardan biri olaraq qalır.

Azərbaycanda 2025-ci ilin yanvar ayında dəmir yolu sərnişin və yük daşımalarında rekord artım qeydə alınıb

Xüsusilə qeyd etmək olar ki, Azərbaycan bu gün Orta Dəhliz çərçivəsində çox strateji və açar ölkədir. Bu təşəbbüs çərçivəsində Azərbaycan iqtisadi əməkdaşlığını dərinləşdirməyi, şaxələndirməyi və Asiya ölkələri ilə siyasi dialoqu inkişaf etdirməyi hədəfləyir. 

Dəmir yollarının əhəmiyyətindən danışan, Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycan beynəlxalq dəhlizlərin genişləndirilməsini dəstəkləyən və təşkil edən ölkələrdən biridir: 

“Beynəlxalq dəhlizlər regionun inkişafı baxımından vacibdir. Ölkəmiz beynəlxalq dəhlizlərin genişləndirilməsini dəstəkləyən və təşkil edən dövlətlərdəndir. Bir tərəfdən Orta Dəhlizin genişlənməsi müşahidə olunur. Və xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmində artımlar var. Bu kontekstdə Azərbaycan Orta Dəhlizin ölkəmiz və region üzrə genişlənməsini dəstəkləyən ölkələrdən biridir. Digər tərəfdən Şimal-Cənub Nəqliyyat Dəhlizinin də genişlənməsi müşahidə olunur ki, bu da bütövlükdə dəhlizlər vasitəsilə Azərbaycan üzərindən  daha çox yüklərin daşınması anlamına gəlir. Sözsüz, müasir çağırışlar eyni zamanda yük daşımalarındakı maya dəyərini nəzərə alsaq birmənalı şəkildə Nəqliyyat Dəhlizləri həm də dəmir yolu şəbəkəsinin genişlənməsini özündə ehtiva edir. Çünki dəmir yolu şəbəkəsinin genişləndirilməsi çox vacib məqamlardan biridir.

Vüqar Bayramov : Fəaliyyəti, Rolu - QəbulOL Mərkəzi - Xaricdə Təhsil

Dəmir yolu şəbəkəsinin genişləndirilməsi nəticə etibarilə daha çox yüklərin, daha uyğun tarix və maya dəyərinin daşınmasına imkan yaradır. Azərbaycan Dəmir Yolları son illər həm elektron xidmətləri, həm də innovasiyanı tətbiq edən qurumlardandır. Azərbaycan Dəmir Yollarının bir tərəfdən həm dəmir yol şəbəkəsinin genişlənməsi kontekstində, həm də elektron xidmətlərindən istifadə etməsi və yenilikləri tətbiq etməsi Azərbaycan üzərində daşınan yüklərə birbaşa təsir göstərir və bu daha çox yükün Azərbaycan üzərindən daşınmasını təmin edir. Bu kontekstdə, təbii ki, Azərbaycan Dəmir Yollarının bütövlükdə ölkəmiz üzərindən nəqliyyat vasitələrinin genişləndirilməsində, o cümlədən, nəqliyyat xidmətlərinin əlçatan olmasında xüsusi rolu var. Təbii ki, son innovativ fəaliyyətlər də ondan xəbər verir ki, dəmir yolu daşınmaları növbəti mərhələdə Azərbaycanda xüsusən də nəqliyyat vasitəsi üzərindən vacib istiqamətlərdən birinə çevriləcək”. 

Azərbaycanın nəqliyyat sistemində mühüm yer tutan dəmir yolları, ölkənin iqtisadi, sosial və geosiyasi inkişafında əhəmiyyətli rol oynamaqda davam edir.  Cənubi Qafqazın mərkəzində yerləşən Azərbaycan həm Avropa, həm də Asiya arasında körpü rolunu oynayır. Bu mövqe ölkəyə strateji, iqtisadi və siyasi baxımdan mühüm üstünlüklər qazandırır. Azərbaycan qərbdə Gürcüstan və Ermənistan, şimalda Rusiya, cənubda İran, şərqdə isə Xəzər dənizi ilə həmsərhəddir. Bu coğrafi mövqe onu Şərqlə Qərb, Şimalla Cənub arasında vacib tranzit ölkəsinə çevirir. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr Azərbaycanın regiondakı enerji və nəqliyyat dəhlizindəki rolunu daha da gücləndirmişdir.

FLIRT və KISS qatarları ilə rahat və təhlükəsiz səyahət

AzMİU-nun müəllimi, nəqliyyat eksperti Bulud Buludlu bildirib ki, Azərbaycan Dəmir Yolları (ADY) ölkəmizin nəqliyyat infrastrukturunda strateji əhəmiyyət daşıyan bir qurumdur. Onun beynəlxalq dəhlizlərin inkişafında rolu, iqtisadi təsirləri və beynəlxalq təşkilatlarla əməkdaşlığı çoxşaxəli və geniş miqyaslıdır.

"Azərbaycan coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında strateji bir körpü rolunu oynayır. Bu mövqe ADY-yə beynəlxalq nəqliyyat dəhlizlərində xüsusi yer tutmasına səbəb olur.  Zəngəzur dəhlizi Azərbaycanın regional nəqliyyat və logistika strategiyasında çox mühüm yer tutur. Bu dəhliz həm siyasi, həm iqtisadi, həm də geostrateji baxımdan əhəmiyyətlidir". 

Ekspert Zəngəzur dəhlizinin Azərbaycana rolu və təsirlərini bu şəkildə sadalayıb:

Naxçıvanla birbaşa əlaqə: Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvan Muxtar Respublikasını birbaşa birləşdirəcək. Bu, illərdir ki, kənar yollarla (İran üzərindən) həyata keçirilən əlaqəni daha qısa və təhlükəsiz edəcək.

Regional inteqrasiyanın güclənməsi: Dəhliz Türkiyə, Azərbaycan, Mərkəzi Asiya və Çinə qədər uzanan yeni bir tranzit xətti yaradacaq. Bu, Orta Dəhlizin əsas tərkib hissəsinə çevrilə bilər.
O, həmçinin əlavə edib ki,  Zəngəzur dəhlizi Azərbaycanın logistika qovşağına çevrilməsi istiqamətində atılan strateji addımlardan biridir. Bu layihə yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün iqtisadi canlanma, logistika imkanlarının genişlənməsi və regional sabitlik baxımından böyük önəm daşıyır.

Azərbaycanın coğrafi mövqeyi – Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi – ölkəmizi tranzit və logistika mərkəzinə çevirməyə imkan verir. Bu baxımdan ADY-nin rolu olduqca önəmlidir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi – Hindistan, İran, Azərbaycan, Rusiya və Avropanı birləşdirən bu dəhliz vasitəsilə yüklərin daşınma vaxtı və məsrəfləri xeyli azalır. ADY bu dəhlizin Azərbaycan seqmentində daşıma qabiliyyətinin artırılmasında mühüm rol oynayır.

Azerbaijan Railways will operate in enhanced mode during the holidays |  Baku.ws News Site - Latest News and Events

Şərq-Qərb Dəhlizi (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) – Çin, Qazaxıstan, Xəzər dənizi üzərindən Azərbaycan, Gürcüstan və Avropaya qədər uzanan bu dəhliz çərçivəsində ADY əsas tranzit ölkə rolunu oynayır. Bu dəhliz vasitəsilə Çin ilə Avropa arasında yükdaşımalar daha qısa müddətdə həyata keçirilir. Cənub-Qərb Dəhlizi – Hindistan, İran, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya çıxışı təmin edən bu marşrutda da Azərbaycan Dəmir Yollarının iştirakı böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Dəmir Yolları ölkə iqtisadiyyatına bir neçə əsas istiqamətdə müsbət təsir göstərir:

1. Tranzit gəlirlərinin artırılması – Azərbaycan üzərindən keçən beynəlxalq yük axınları ölkəyə valyuta gətirir və büdcə gəlirlərini artırır.

2. Yeni iş yerlərinin yaradılması – Dəmir yollarında və onlara bağlı logistika mərkəzlərində minlərlə insan işlə təmin olunur.

3.Regionların inkişafı – Dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi bölgələrin iqtisadi fəallığını artırır, kənd təsərrüfatı və sənaye məhsullarının bazarlara çıxışını asanlaşdırır.

4. İxrac potensialının gücləndirilməsi – Azərbaycan məhsullarının xarici bazarlara daha sürətli və ucuz çıxışı təmin olunur.

Həmçinin onu da qeyd edək ki, Azərbaycan Dəmir Yolları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edir:

Beynəlxalq Dəmir Yolu İttifaqı (UIC) – ADY bu təşkilatın üzvüdür və dəmir yolu standartlarının beynəlxalq səviyyədə uyğunlaşdırılması prosesində iştirak edir.

TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) – Bu təşəbbüs çərçivəsində ADY regional inteqrasiyaya və infrastrukturun birgə inkişafına töhfə verir.

OSJD (Dəmir Yolları Əməkdaşlıq Təşkilatı) – Bu təşkilatla əməkdaşlıq ADY-yə texniki, hüquqi və kommersiya sahələrində təcrübə mübadiləsi aparmağa şərait yaradır.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyası – ADY burada həm icraçı, həm də təşəbbüskar tərəf kimi çıxış edir və marşrutun rəqabət qabiliyyətinin artırılması üçün səylər göstərir.

Bu əməkdaşlıqlar nəticəsində həm texnologiya transferi, həm təcrübə mübadiləsi baş tutur, həm də Azərbaycanın nəqliyyat imkanları dünya bazarına inteqrasiya olunur. Azərbaycan Dəmir Yolları təkcə nəqliyyat sahəsinin inkişafına deyil, həm də ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə, regionların sosial-iqtisadi inkişafına və Azərbaycanın logistika mərkəzinə çevrilməsi strategiyasına mühüm töhfə verir.

Azerbaijan Railways: Achievements of the Last 20 Years and Future Prospects  / News / News / Media - Corporate

Azərbaycanın yerləşdiyi geosiyasi məkan və ölkənin son illərdə artan siyasi gücü, nəqliyyat sektorunda – xüsusilə dəmir yolları sahəsində mühüm irəliləyişlərə yol açır. Dövlətin siyasi iradəsi, regional əməkdaşlıqlar və beynəlxalq layihələrə fəal qoşulması, dəmir yollarının inkişafına birbaşa və dolayı təsir göstərir.

Azərbaycan Cənubi Qafqazda mühüm tranzit ölkə rolunu oynayır. Ölkənin siyasi gücü, xüsusilə beynəlxalq tərəfdaşlarla sabit və qarşılıqlı faydalı münasibətlər qurması, dəmir yolu xətlərinin beynəlxalq dəhlizlərə qoşulmasına şərait yaradıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və Orta Dəhlizin fəallaşdırılması bunun bariz nümunələrindəndir.

Ölkəmiz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) və Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi layihələrdə fəal iştirak edir. Bu layihələr təkcə iqtisadi deyil, siyasi güc vasitəsidir. Ölkənin siyasi sabitliyi və beynəlxalq etibarı, xarici tərəfdaşların Azərbaycana dəmir yolu layihələrində etibarlı tranzit ölkə kimi yanaşmasına səbəb olur.

2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın regionda mövqeyi daha da güclənib. Bu, Zəngəzur dəhlizi kimi yeni dəmir yolu layihələrinin gündəmə gəlməsinə səbəb olub. Zəngəzur dəhlizi Azərbaycanın yalnız iqtisadi deyil, həm də siyasi gücünün göstəricisidir. Həmçinin bu layihə, Türk dünyasını birləşdirəcək böyük bir nəqliyyat körpüsünün açılması baxımından strateji əhəmiyyət daşıyır.

Azerbaijan Railways: Achievements of the Last 20 Years and Future Prospects  / News / News / Media - Corporate

Azərbaycanın siyasi sabitliyi, infrastruktur sahəsinə yönələn investisiyaların artmasına səbəb olmuşdur. Dəmir yollarına ayrılan dövlət investisiyaları, xarici tərəfdaşlarla birgə layihələrin reallaşması, bu sahədə keyfiyyətli və davamlı inkişaf üçün əsas zəmin yaradır.

Azərbaycanın artan siyasi gücü və regionda formalaşdırdığı güclü mövqe, dəmir yolları sektorunun inkişafında mühüm rol oynayır. Bu güc sayəsində ölkə, nəinki regional, hətta beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilməkdədir. Siyasi iradə, sabitlik və strateji baxış, Azərbaycanın dəmir yollarını yeni mərhələyə daşıyan əsas amillərdəndir.

Gülayə Mecid

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur