Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) iyunun 22-də ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirdikdən sonra İranla həmsərhəd ölkələrdə radioaktiv çirklənmə aşkar etməyib. 

"Unikal" xəbər verir ki, MAQATE-nin baş direktoru Rafael Qrossi bu barədə bəyanat yayıb.

MAQATE-nin saytında dərc olunmuş bəyanatda Qrossi deyib: "Mövcud məlumatlara əsasən, MAQATE əmin edə bilər ki, qonşu ölkələrin əhalisinə və ətraf mühitinə heç bir radioaktiv təsir olmayıb. Nüvə təhlükəsizliyi kontekstində İranın tədqiqat və enerji reaktorlarına hücum edilmədiyini qeyd etmək vacibdir".

MAQATE Natanz və Fordo obyektlərində əlavə təsir nöqtələrinin tapıldığını bildirib. Natanzda ABŞ-nin yeraltı uran saxlama və zənginləşdirmə obyektləri üzərindəki hava hücumları nəticəsində yaranan iki zərbə dəliyi aşkar edilib. MAQATE bildirib ki, zərbə yerli çirklənməyə və kimyəvi təhlükələrə səbəb ola bilər.

MAQATE-nin məlumatına görə, Fordoda giriş yolları və obyektin girişi vurulub.

Qrossi həmçinin qeyd edib ki, Tehranın MAQATE ilə əməkdaşlığının bərpası İranın nüvə fəaliyyəti ilə bağlı mübahisənin həlli üçün uğurlu diplomatik razılaşmanın əldə olunması üçün çox vacibdir. O, İranın xarici işlər naziri Abbas Əraqçiyə məktub göndərdiyini və görüşməyi təklif etdiyini xatırladıb. 

Ağarza Elçinoğlu