Meksikanın mədən sektoru növbəti dəfə mütəşəkkil cinayətkarlığın hədəfinə çevrilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxslər Meksikanın "Grupo Minero Bacis" adlı mədən şirkətinə məxsus 33 ton qızıl və gümüş konsentratını oğurlayıblar. Hadisə Xalisko ştatının Qvadalaxara yaxınlığında, Duranqo əyalətindən Manzanillo limanına gedən yolda baş verib.

Oğurluğun gündüz saatlarında, ictimai və sıx bir marşrutda baş verməsi diqqət çəkib. Bildirilir ki,  hücum təxminən 1,5 saat davam edib.

Cinayətkarlar iki maşının köməyi ilə yük maşınının qarşısını kəsib, sürücünü və mühafizəçiləri girov götürüblər. Daha sonra qiymətli yüklə dolu qoşqu oğurlayıblar. Bu yük Manzanilyo limanına çatdırılmalı idi. Bir müddət sonra yük maşını tapılsa da, qiymətli metalı daşıyan qoşqudan əsər-əlamət qalmayıb.

Şirkət rəsmiləri hadisəni təsdiqləyərək, “Bu, mədən sektoru və ölkə iqtisadiyyatı üçün böyük itkidir” deyib.

Gülayə Mecid