İsmət Abbasovun nazirliyinin yeni "bal fiaskosu"
12:18 10-09-2013
CƏMİYYƏT
İsmət Abbasovun nazirliyinin yeni "bal fiaskosu"
Nazirliyin rəhbər şəxsləri arıçıların tənqid hədəfində!
Bakıda 4 gün əvvəl açılan bal yarmarkası ilə bağlı proqnozlar özünü doğruldub. Yarmarkanın təşkilatçılığı və gedişi ilə bağlı artıq çoxsaylı narazılıqlar mövcuddur. Dolayısı ilə bu narazılıqlar bal yarmarkasının təşkilatçı və təşəbbüskarı olan Kənd Təsərrüfatı Nazirliyinə (KTN) yönəlib.
Əvvəlcədən onu qeyd edək ki, İsmət Abbasovun nazirliyinin yarmarkaları bir qayda olaraq ya özünü doğrultmur, ya da yadda ancaq skandalları, narazılıqları ilə qalır. Məsələn, kənd təsərrüfatı məhsullarının satış yarmarkaları əhaliyə guya ucuz meyvə-tərəvəz, ət, süd və s. məhsulların satışını nəzərdə tuturdu; amma həm keyfiyyət, həm qiymət sarıdan bazarlara uduzdu, ona görə də bir müddət sonra həm tənqid, həm də ironiya hədəfinə çevrildi.
Eyni prosesin bal yarmarkaları ilə bağlı yaşanması (məsələn, keçən ilki bal yarmarkası da ilk gündən sonadək arıçıların, alıcıların narazılıqları, giley-güzarı, etirazları fonunda keçmişdi) göstərir ki, Abbasovun nazirliyi nəinki kənd təsərrüfatı sahəsində istehsalın artırılmasına, bu sahənin inkişafına nail olmaq baxımından, həm də hansısa sərgi-satış yarmarkalarının təşkili sarıdan kifayət qədər gücə, bacarığa malik deyil. Odur ki, ortaya belə problemlərin, qalmaqalların çıxmasına təsadüfi yanaşmaq doğru olmazdı.
"Unikal" olaraq bildirək ki, bu ilki bal yarmarkası artıq on dördüncü yarmarkadır. Hər il mübahisə və qalmaqalla yadda qalan yarmarkada bu il də narazılıqlar var. Arıçılar Kənd Təsərrüfatı Nazirliyinin (KTN) yarmarkaya çıxan məhsullara ayrı-seçkiliyindən narazılıq edirlər.
Dənizkənarı Bulvarın yaxınlığında yerləşən Dəniz Vağzalının salonunda təşkil edilən arıçılıq məhsullarının XIV respublika sərgi-satış yarmarkasına qatılan arıçılar mətbuata açıqlamalarında vəziyyətdən şikayətçi olublar. "Cərgələrin arası o qədər dardır ki, insanlar keçə bilmir, narahatlıqdır. Bizi dar yerə gətirib sıxışdırıblar. Hər il deyirlər ki, gələn il geniş yerlə təmin edəcəyik, amma aldadırlar" deyə bir neçə arıçı şikayətində bildirib.
Bəzi arıçılar isə Kənd Təsərrüfatı Nazirliyinin sahibkarlar arasında ayrı-seçkilik qoymasından şikayət ediblər: "Nazirlik rəsmiləri hər il hansısa bir bölgənin arıçılarını dəstəkləyirlər, həm də məqsədli şəkildə. Bu il reklamda Daşkəsən arıçılarıdır. Nazirliyin şöbə müdiri Çingiz Fərəcov ən yaxşı yerləri Daşkəsən arıçıları üçün ayırıb. Yarmarkada əksəriyyət onlardır. Mətbuatdan kimsə gələndə də Çingiz müəllim həmin arıçıları reklam edir" (musavat.com).
Ən maraqlısı isə ayrı-ayrı KİV əməkdaşları ilə söhbətlərində bəzi arıçıların sözügedən yarmarkaların əsl arıçılara heç bir xeyri olmadığı barədə dedikləridir. Məsələn, onlardan birinin sözlərinə görə, "bu, kimlərsə üçün qazanc mənbəyidir, əsl arıçılar isə sadəcə həm vaxtını, həm də qazancını itirir. Belə getsə, heç burada yer haqqını ödəyə bilməyəcəyik".
İndi burada İsmət Abbasovdan və onun nazirliyindən soruşmaq lazımdır ki, əvvəla niyə KTN-in təşkil etdiyi istənilən yarmarka bu qədər narazılıqlarla, etirazlarla, giley-güzarlarla müşaiyət olunur? İkincisi, arıçılar "bunun bizə xeyri yoxdur, bu kimlər üçünsə qazanc mənbəyidir" deyirsə, maraqlıdır, onlar kimlərdir? Kimlər, həmin yarmarkalardan "bal tutub barmaq yalayır", əsl cəfakeşlərə isə bu yarmarkadan heç bir fayda yoxdur?!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00