"Rabitələrin autsorsinqi ilə bağlı çoxlu təfərrüat verə bilmərəm, çünki bu, hələ müzakirə mərhələsindədir və hazırda heç bir razılaşma yoxdur". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib. 

Baş nazirin sözlərinə görə, Ermənistan Respublikasının bu prosesdə marağı regionda bütün nəqliyyat infrastrukturlarının açılmasından ibarətdir ki, bura Azərbaycan ərazisi vasitəsilə Ermənistandan Ermənistana, eləcə də Ermənistan ərazisi vasitəsilə Azərbaycandan Azərbaycana bağlantılar daxil olacaq. Bundan əlavə, ikitərəfli ticarət, beynəlxalq kommunikasiya və tranzit mübadiləsi imkanlarının zəruriliyi də vurğulanıb.

Paşinyan qeyd edib ki, Ermənistanın bu təşəbbüslər çərçivəsində yanaşması dəyişməz olaraq qalır: "Bizim heç vaxt ərazi bütövlüyü, suverenlik və yurisdiksiya gündəmindən ayrılacaq və ya bu gündəmə zidd olacaq hər hansı müzakirəmiz olmayıb.

Biz uzun müddətdir ki, regional nəqliyyat kommunikasiyalarının yenidən açılması və ya blokdan çıxarılması ilə bağlı mövqelərimizi ifadə etmişik və bu, “Sülhün kəsişməsi” layihəsində öz əksini tapıb".

Ağarza Elçinoğlu