"Biz Rusiya ilə normal, təbii, qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərinin olmasını istəyirik".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib. 

Paşinyan telekanallarının Ermənistanda yayımının dayandırılması mövzusuna toxunaraq deyib: "Bəli, bəzi Rusiya telekanalları bütün mümkün xətləri keçiblər, amma mən də qeyd etdiyim mülahizələrə əsaslanaraq, istəməzdim ki, biz bu qərarı qəbul edək, çünki biz nəinki müxaliflik, ziddiyyət, Rusiya ilə hər hansı münaqişə vəziyyəti belə axtarmırıq.

Mənim Rusiya prezidenti Vladimir Putinlə çox hörmətli, şəffaf, dürüst, səmimi və açıq münasibətim var. Rusiyanın baş naziri Vladimir Mişustinlə də münasibətim var və (siyasəti bir kənara qoyaq) o münasibətə görə məndə belə bir qərar qəbul etməklə bağlı insani diskomfort var.

Mən istəməzdim ki, biz bu qərarı qəbul edək. Təəssürat ondan ibarətdir ki, Rusiyada bizi bu qərarları qəbul etməyə məcbur etmək istəyən qüvvələr var. Amma onlar bizi çox məcbur etsələr, istəsək də, istəməsək də buna getməli olacağıq. Amma mən bunu istəmirəm, səmimi deyirəm".

Ağarza Elçinoğlu