22 iyul 2025-ci il tarixdə Ağdam Rayon Heydər Əliyev mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə, təşkilatların rəhbərləri, media nümayəndələri və rayon ziyalıları iştirak etmişlər. İştirakçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının, mətbuat nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir. Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixinin 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunmasından, Ulu öndər Heydər Əliyevin hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirməsindən, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməsindən, ümummilli liderin mətbuatın problemlərinin həlli ilə bağlı imzaladığı sərəncam və fərmanlardan, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılmasından, “Media haqqında” yeni qanun layihəsi hazırlanmasından, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılmasından, ölkə başçısının Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunması ilə bağlı verdiyi 25 aprel 2025-cil tarixli Sərəncamından bəhs etmişlər. Tədbirin sonunda bir qrup media nümayəndəsi Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən mükafatlandırılmışdır