AZAL-a məxsus "EMBRAER 190" mülki təyyarəsinin vurulması barədə qərarın verilməsində Rusiya Cənub Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) 4-cü qvardiya ordusunun 51-ci Hava Hücumundan Müdafiə diviziyasının komandiri, general-mayor Aleksandr Vasilyeviç Tolopilonun şəxsən iştirak etdiyi ehtimal olunur.

"Unikal"  "Minval Politika"ya istinadən xəbər verir ki, bunu ilkin daxili araşdırma zamanı 51-ci HHM Diviziyasının idarəetmə məntəqəsinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nikolay Nikolayeviç Orlyanski deyib.

Orlyanski Tolopilonun həmin əmrini alıb və kapitan Paladiçuka AZAL-ın mülki təyyarəsinə atəş açmaq barədə komanda verib.

Dərc olunan anonim məktuba əsasən, 2024-cü ilin dekabrında kapitan Paladiçukun döyüş heyəti Tolopiloya tabe olub.

Orada, həmçinin bildirilir ki, bilavasitə iştirakına baxmayaraq, general-mayor Tolopilo cinayət məsuliyyətindən yayınıb. O, günahı Rusiyanın Vahid Hava Hərəkətini İdarəetmə Sisteminin Rostov Mərkəzinin şəxsi heyətinin üzərinə atıb, "Pantsir-S" hava hücumundan buraxılan raketlərin özünü məhv etdiyini və təyyarəyə zərər verə bilməyəcəyini iddia edərək bilərəkdən yalan ifadələr verib. Bu iddialar Rusiya Federasiyası İstintaq Komitəsinin 505-ci Hərbi İstintaq Şöbəsi tərəfindən aparılan daxili araşdırma ilə təkzib edilib.

Məlum olub ki, "Pantsir-S" ekipajı texniki və təşkilati cəhətdən lazımi vəziyyətdə olmayıb, bu da mülki təyyarənin vaxtında tanınmasına mane olub. Buna baxmayaraq, general Tolopilo nəinki cəzalandırılmayıb, hətta vəzəfəsi yüksəldilib - o, Şərq Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiəsinin 11-ci qvardiya ordusunun komandirinin müavini təyin edilib.

Bundan əlavə, kapitan Paladiçukun Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 14-cü Ordusunun mobil ehtiyatının 80-ci zenit-raket alayının komandirinə ünvanlanmış 16 dekabr 2024-cü il tarixli hesabatı əlavə edilib ki, Paladiçuk və onun ekipajı həmin vaxt HHM-nin 51-ci diviziyasının komandiri olan general-mayor Tolopilonun əməliyyat tabeliyində olub.